Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbirlər İ.Xəlilova, N.İsmayılova/
Azərbaycanın valyuta bazarında xarici valyutanın təklifi ona olan tələbatı xeyli ötür. Bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsi məqsədilə sterilizasiya aparır. Bu günə bazarda manatın möhkəmlənməsi vektoru ucuzlaşmasından daha çoxdur", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, məzənnənin dəyişməsi ölkədəki ümumi makroiqtisadi vəziyyətdən asılı olacaq.
"Devalvasiyadan söhbət gedə bilməz, lakin inflyasiya artımına və ölkənin valyuta bazarında xarici valyutanın çoxluğuna təsirin göstərilməsi mümkündür. 9 ayın yekununa görə, AMB valyuta bazarında, demək olar, bir milyard dollar alıb və cari ilin sonunadək bu göstərici iki dəfə arta bilər, yəni iki milyard dollar səviyyəsinə çata bilər", - Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda inflyasiyanın proqnozlaşdırılan beş faiz səviyyəsini ötə bilməsi riski var.
"Belə risklər var və biz onları tədqiq edirik. Ölkədə inflyasiya idxalının həddən artıq səviyyəsi var. Məlum olduğu kimi, dünya bazarında taxıl və onunla bağlı məhsulların qiyməti artır və cari ildə biz bunu hiss etməyə başlamışıq", - o deyib.
Rüstəmovun sözlərinə görə, belə təhlükəli şəraitdə Mərkəzi Bank faiz və məzənnə siyasətinə yenidən baxacaq.
Gələn il dolların məzənnəsi 0,8 manat məbləğində proqnozlaşdırılıb.