...

CİPS sərgisi gömrük və sərhəd nəzarəti üçün ən yeni avadanlıqları nümayiş etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2010 18:26 (UTC +04:00)
23-26 noyabr tarixlərində ilk dəfə "Bakı Ekspo" sərgi mərkəzində CIPS-2010 - 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək.
CİPS sərgisi gömrük və sərhəd nəzarəti üçün ən yeni avadanlıqları nümayiş etdirəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

23-26 noyabr tarixlərində ilk dəfə "Bakı Ekspo" sərgi mərkəzində CIPS-2010 - 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək.

Regionda təhlükəsizlik üzrə yeganə ixtisaslaşmış sərgi olan CIPS təkcə məhsulların təşviqi, ticarət nişanlarının inkişaf etdirilməsi, bazarın öyrənilməsi məkanı deyil, həm də məlumat mübadiləsi, ideyaların formalaşması, gündəlik həyatda və istehsalatda mövcud olan təhlükələrə qarşı birgə səy göstərməklə mübarizə aparmaq imkanlarının axtarışı üçün mərkəz rolunu oynayır.

Bu sərginin təşkilatçıları qismində Böyük Britaniyanın "ITE Group" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti çıxış edirlər. Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. 2010-cu ilin payız sərgisinin tərəfdaşları qismində isə "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Greenwich Travel Club", SIAR şirkətləri və "Qafqaz Point" mehmanxanası çıxış edirlər.

Bu il sərgidə Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, ABŞ, Fransa və Çexiyadan 22 şirkət iştirak edir. Sərgi ekspozisiyasını avadanlıqların ən yeni nümunələri, müasir texnologiyalar və təhlükəsizliyin təmin olunması üzrə demək olar ki, bütün sahə və sektorlarda əldə edilən ən son nailiyyətlər və layihələr təşkil edəcək. Sərginin ən iri bölməsi - texniki vasitələr və təhlükəsizlik sistemləri olacaq. Belə ki, sərgi "Samsung", "LG Security", "SONY Security", "Pelko" kimi aparıcı istehsalçıların və digər şirkətlərin ССTV (gizli müşahidə) kameralarının geniş çeşidini, iri anbar sahələrinin daxilində müşahidə üçün xüsusi həll variantlarını, "intellektual ev" sistemini təqdim edəcək. Sərgidə ayrıca bir bölmə olaraq, yanğın təhlükəsizliyi üzrə modullu sistemlər və onların yaşayış və qeyri-yaşayış binalarında tətbiqi üçün həll variantları nümayiş olunacaq.

Sərginin mövzusu bank sektorunun mütəxəssisləri üçün təklifləri də əhatə edir. Bu bölmədə ən yeni informasiya təhlükəsizliyi təminatı vasitələri nümayiş etdirilir: informasiya sistemlərinin məsafədən mühafizəsi, internetə təhlükəsiz giriş, şəxsi məlumatların qorunması, informasiya mənbələrinə təhlükəsiz giriş, təhlükəsiz fəaliyyətlərdə avtomatlaşdırılmış sistemlər, "insayder" (şirkət daxilində məxfi məlumatlara daxil olmaq istəyən qanun pozucuları) fəaliyyətlərindən mühafizə və s. İlk dəfə olaraq, СIPS sərgisində gömrük və sərhəd-nəzarət məntəqələrində tətbiq edilən ən yeni avadanlıqlar və texnologiyalar nümayiş etdiriləcək. Xüsusi bölmədə narkotik vasitələrin aşkar edilməsi üçün xüsusi avadanlıqlar təqdim ediləcək. Daha bir yenilik isə neft-qaz sənayesi üçün cihaz və ölçü avadanlıqlarının təqdimatı olacaq.

Bu gün təhlükəsizlik texnologiyaları getdikcə daha çox aktuallıq kəsb edir. Bu isə həm fiziki şəxslərə qarşı, həm də istehsal müəssisələri və kommersiya təşkilatlarında müxtəlif mənşəli təhlükələrin artması ilə bağlıdır. Respublika rəhbərliyi ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramının təsdiq olunması"na dair 2004-cü il tarixli qərarı çərçivəsində "Təhlükəsiz şəhər" sistemi həyata keçirilir. Bu sistem şəhərin müxtəlif yerlərini daimi olaraq videomüşahidə rejimində saxlamağa və qeyri-qanuni hərəkətlərə çevik şəkildə reaksiya verməyə imkan yaradır. Bu qəbildən olan sistemlərin səmərəli işləməsi üçün texniki vasitələrin daim yenilənməsi və yeni texnologiyaların tətbiq edilməsi tələb olunur. Bununla bağlı olaraq, mühafizə və təhlükəsizlik sərgisinin keçirilməsinin aktuallığı da artır. Çünki məhz sərgi biznes əlaqələrinin yaranması üçün hər cür şəraiti təmin edir. Sərgidə nümayiş olunan yeniliklər isə yerli bazarda innovasiyalı məhsulların və təhlükəsizlik texnologiyasının inkişafına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti