Xilas edilmiş Azərbaycan vətəndaşlarının adları əlavə olunub (ilk xəbər 7 fevral 14:28-də yayılıb)
Gürcüstan, Tbilisi, 8 fevral /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov bir gün əvvəl Gürcüstanda batan "Qriqori Petrovskiy" adlı Ukrayna gəmisindən xilas edilən dənizçilərlə görüşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Məlumata əsasən, ekipajın xilas edilmiş üzvləri arasında kapitanın birinci köməkçisi Əzizov Qaçay Əbuturab oğlu (1952-ci il təvəllüdlü), baş mexanik Misiyev Arif Həbib oğlu (1952-ci il təvəllüdlü) və matros Valmetov Fariz Gülmirzə oğlu (1987-ci il təvəllüdlü) olub. Dənizçilərin vəziyyəti daha yaxşıdır. Konsulluq tərəfindən xəsarət alanlara lazımi yardım göstərilib.
Bir gün əvvəl Poti limanının (Gürcüstan) akvatoriyasında güclü fırtına zamanı Ukraynanın "Qriqori Petrovskiy" gəmisi batıb. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib.
İçərisində qadın da olan ekipajın 11 üzvünün hamısı xilas olunub. İTAR-TASS -ın ilkin məlumatlarına əsasən, ekipajın üzvləri arasında üç Ukrayna, üç Azərbaycan və bir Rusiya vətəndaşı olub.
Gəmi çən hissəsindən deşilib və nəticədə 35 ton qaynar yanacaq dənizə axır. Limanın ərazisində hələ də güclü küləyin əsməsi vəziyyəti çətinləşdirir və qəzanın nəticələrini aradan qaldırmaq üzrə işlərin aparılmasına mane olur.
Məlumata əsasən, xilasetmə əməliyyatında limanın sahil mühafizə dəstəsi və nəzarət xidmətinin əməkdaşları iştirak ediblər.
Quru yük daşıyan gəmi xarici reyddə yüksüz dayanıb. Fırtına zamanı idarəetməni itirərək bəndə çırpılıb.
Quru yük daşıyan gəmi əvvəlcədən təhlükədən xəbərdar olsa da, müqavimət göstərməyə gecikib, sərhəd polisindən məlumat verilib.
Fakt üzrə araşdırmalar aparılır.