Özbəkistan, Daşkənd, 9 mart /Trend, müxbir D.Əzizov/
Özbəkistanda Prezident İslam Kərimovun qərarı ilə "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. Həmin sənəd ötən il sentyabrın sonlarında Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı imzalanıb. Bu barədə Trend-ə hökumət dairələrindəki mənbə məlumat verib.
Özbəkistan rəhbəri həmçinin, 2012-ci ildək Azərbaycan və Özbəkistan vətəndaşları üçün vizasız rejimin saxlanmasını nəzərdə tutan 1997-ci il iyunun 18-dən iki ölkə vətəndaşlarının vizasız səfərləri haqqında hökumətlərarası sazişə əlavə və düzəlişlər edilməsi haqqında protokolu da təsdiqləyib.
Göstərilən beynəlxalq müqavilələrin qüvvəyə minməsi üçün dövlətdaxili zəruri prosedurların respublika tərəfindən yerinə yetirilməsi barədə Özbəkistan XİN-ə müvafiq xəbərdarlıq göndərilib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində tərəflər bəzi ikitərəfli sənədlər imzalayıblar. Bunlar "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" , "Özbəkistan Milli Teleradio Şirkəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş", "Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə" və əməkdaşlığın inkişafına yönəlmiş digər sənədlərdir.
Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ilin oktyabrında qurulub. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə ölkələrarası münasibətləri tənzimləyən yüzdən artıq sənəd imzalanıb.