Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda bazar münasibətləri formalaşıb və yalnız dövlət nəzarəti altında olan məhsulların qiymətlərinin tənzimlənməsi mümkündür. Bu barədə çərşənbə axşamı Beynəlxalq İstehlak Gününə həsr edilən tədbir zamanı İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Zahid İsayev istehlak mallarının qiymətlərinin süni artımını şərh edərkən deyib.
"Azərbaycanda qiymətlər bazardakı real tələb və təklif əsasında formalaşır", - İsayev qeyd edib.
Onun sözlərinə görə, buna baxmayaraq, dövlət xidməti istehlak mallarının qiymətlərinin süni artımının aşkarlanması və qarşısının alınması üçün monitorinqlər keçirir.
"Belə faktlar aşkarlanan halda dövlət xidməti qanunvericilik çərçivəsində müvafiq tədbirlər görür", - İsayev bildirib.
Dövlət xidmətinin rəhbəri deyib ki, ölkənin istehlak bazarında vəziyyətin təhlili və müvafiq tədbirlərin görülməsi nəticəsində bitki yağı, şəkər, şəkər tozu, toyuq yumurtası, soğan, kartof və s. kimi bəzi istehlak mallarının qiymətlərində tədricən azalma müşahidə olunur.
Son araşdırmalar nəticəsində yağın qiyməti 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, toyuq yumurtasının 50 faizədək, toyuğun 15 faizədək, süd məhsullarının 2-4 faiz, kartofun 15 faiz, soğanın 10 faiz, sitrus meyvələrinin qiyməti isə 15-20 faiz azalıb.
"Bu fakt həm bazarda təklifin artması, həm də qiymət artımının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədardır", - İsayev bildirib.
Önun sözlərinə görə, dövlət xidmətinin fəaliyyət istiqamətlərindən biri istehlak bazarında təklif olunan malların keyfiyyətinin tənzimlənməsidir. İsayev deyib ki, monitorinqlər zamanı dövlət xidməti keyfiyyət və təhlükəsizlik parametrlərində laboratoriya yoxlanışından keçən bəzi nümunələr əldə edir. Mənfi halların aşkarlanması zamanı qanunvericilik çərçivəsində tədbirlər görülür.
Onun sözlərinə görə, bugünkü tədbirin keçirilməsində əsas məqsəd istehlakçıların hüquqlarının müdafiəsi, dövlət xidmətinin vəzifələri və istehlakçıların hüquqlarının müdafiəsinin təmini üzrə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.
2010-cu ildə dövlət xidməti 1350,7 ton istifadə müddəti ötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsullarını satışdan çıxarıb.
Sahibkalıq subyektləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun 1740 qərar qəbul edilib. Onun əsasında 2,349 milyon manatlıq cərimələr tətbiq edilib.
Bundan başqa, istehlakçıları aldatma yolu ilə haqsız rəqabətə görə 45 təsərrüfat subyektinə qarşı 183,7 min manatlıq maliyyə sanksiyası tətbiq edilib.