...

Azərbaycan Beynəlxalq Bankı plastik kart sahibləri üçün innovativ xidmət təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 16:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibləri bankomatdan pulu plastik kartsız da çıxara biləcəklər.
Azərbaycan Beynəlxalq Bankı plastik kart sahibləri üçün innovativ xidmət təqdim edib

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibləri bankomatdan pulu plastik kartsız da çıxara biləcəklər. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Beynəlxalq Bankın tətbiq etdiyi yeni xidmətin köməyi ilə plastik kartı olan istənilən şəxs bu pulu ölkənin istənilən yerində yaşayan digər şəxslərə də göndərə bilər. Maraqlısı odur ki, pulun göndərilməsi xüsusi kod vasitəsilə həyata keçirilir və pulu alan şəxsə bu pulu bankomatdan çıxarmaq üçün kart tələb olunmur.

Bu üsulla pulun göndərilməsi qaydalarına əsasən, pulu göndərmək istəyən şəxs, yəni müştəri plastik kartı bankomata daxil edərək lazımi dili seçir və pin-kodu daxil edir. Bu zaman menyuda "Cash by Code" bəndini, daha sonra "Pul göndərmək" bəndini seçmək, pulu alanın mobil telefonunun nömrəsini daxil etmək lazımdır. Bundan sonra isə valyutanı seçib lazımi məbləği göndərmək mümkündür.

Bu zaman sistem iki hissədən ibarət olan kod yaradır. Kodun birinci hissəsi çek şəklində çap olunur və pulu göndərən şəxsdə qalır. İkinci hissə isə SMS-lə pulu alanın mobil telefonuna göndərilir. Nağd pulun alınması üçün kodun hər iki hissəsinin daxil edilməsi tələb olunur. Bu kod 24 saat aktivdir.

Pulu alan tərəf bankomata yaxınlaşaraq "Cash by Code" bəndini və lazımi dili seçir. Sonra kodun hər iki hissəsi və alınacaq məbləğ daxil edilir və bundan sonra bankomat pulu verir.

ABB-dən verilən məlumata görə, bu xidmətdən "Azərbaycan Beynəlxalq Bankı-Moskva" bankının müştəriləri də istifadə edə bilər. ABB-nin müştəriləri bu sistem vasitəsilə pulu Azərbaycanın istənilən şəhərinə, eləcə də Rusiyaya və əks istiqamətdə göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti