Azərbaycan, Bakı, 28 may / Trend/
İtaliyanın Milan şəhərinin Malpenza hava limanında Azərbaycanın "Silk Way Airlines" şirkətinin Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm yükdaşımalarının başlanması münasibətilə rəsmi açılış mərasimi keçirilib. Trend-in məlumatına görə bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən şənbə günü bildirilib.
Mərasimdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Genuyadakı fəxri konsulu Marqarita Kosta, "Silk Way" holdinqinin prezidenti Zaur Axundov, Milanın Malpenza hava limanının idarəçiliyini həyata keçirən "SEA" şirkətinin aviasiya marketinqi üzrə meneceri Aldo Şmid və "Azərbaycan Hava Yolları"nın İtliyadakı baş meneceri İbrahim Seyidov giriş nitqləri ilə çıxış ediblər.
Səfir Sadıqov çıxışında Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm yükdaşımaların başlanmasının nəinki Azərbaycan və İtaliya arasında, həmçinin bütün regionda ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə inandığını bildirib. Səfir ölkəmizin artıq güclü iqtisadiyyata malik olduğunu və demokratik dövlət quruculuğu yolunda irəlilədiyini diqqətə çatdırıb. Açılış nitqlərindən sonra, qonaqların şərəfinə Azərbaycan milli mətbəxinin nümunələrinin timsalında ziyafət verilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı və səfirliyin dəstəyi ilə Azərbaycanın muğam ustası Qoçaq Əsgərov və muğam triosu tərəfindən tədbir iştirakçıları qarşısında musiqi ifa edilib.
Daha sonra, mərasim uçuş zolağında davam etdirilib və Bakı-Milan marşrutu üzrə yükdaşımanı həyata keçirən ilk müntəzəm reys kimi, "Boinq 747" tipli yük təyyarəsi təntənəli surətdə hava limanına enib. "Silk Way" holdinqinin prezidenti Zaur Axundovun dəvəti ilə səfir Vaqif Sadıqov reysin açılış lentini kəsib.
İndiyədək Bakı ilə Milan arasında yükdaşımalar yalnız çarter reysləri ilə həyata keçirilib. İlkin mərhələdə sözügedən marşrut üzrə həftədə bir müntəzəm yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulur.