...

Azərbaycanın aqrar sektorunda 1,5 milyon nəfər çalışır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 14:31 (UTC +04:00)
Azərbaycanın aqrar sektorunda 1,5 milyon nəfərə yaxın işçi çalışır.
Azərbaycanın aqrar sektorunda 1,5 milyon nəfər çalışır - nazir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın aqrar sektorunda 1,5 milyon nəfərə yaxın işçi çalışır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov çərşənbə günü Bakıda açılan Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (BKMAAT) fitosanitar reqlamentasiya üzrə işçi qrupun 49-cu iclasında çıxışı zamanı bildirib.

"Azərbaycan əhalisinin 48 faizi ölkənin regionlarında yaşayır. 39 faiz iqtisadi cəhətdən aktiv əhali kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Ona görə də aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir", - Abasov deyib.

2011-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycan əhalisi 9,137 milyon nəfər təşkil edir.

Abasovun sözlərinə görə, ərzaq təhlükəsizziyi məsələsi Azərbaycan üçün aktualdır.

"BMT-nin məlumatına görə, dünyada aclıq şəraitində bir milyarddan artıq insan yaşayır, gələcəkdə onların sayı artacaq. Ona görə də ərzaq təhlükəsilziyi məsələsi bu gün çox aktualdır. İlk növbədə, hər bir dövlət problemi ölkə daxilində öz gücü ilə həll etməyə çalışmalıdır, daha sonra bu məsələ regional səviyyədə, daha sonra isə qlobal miqyasda həll edilməlidir", - Abasov deyib.

Azərbaycan 2007-ci ildən BKMAAT-ın üzvüdür, 2010-cu ildə o təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.

BKMAAT-ın baş direktoru Arnitis Rinqoldsun sözlərinə görə, Azərbaycanın bu təşkilata nisbətən yaxın vaxtlarda qoşulmasına baxmayaraq, o, qurumun ən fəal üzvlərindən biridir.

Fitosanitar reqlamentasiya üzrə işçi qrupun 49-cu iclasının işi iyunun 24-dək davam edəcək.

İclasın gündəliyində duran əsas məsələlər bitkilərin mühafizəsi və karantini sahəsində mövcud olan və hazırlanan standartların müzakirəsi; BKMAAT-a üzv ölkələrdəki (51 dövlət) karantin zərərli orqanizmlərin siyahısının təkmilləşdirilməsi; əkin materialları risqlərinin analizinin aparılması; fövqəladə vəziyyətlərin aradan qaldırılması, lokallaşdırılması və planlaşdırılması; meşə təsərrüfatında fitosanitar standartların tətbiqindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti