...

Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borcunu yeddi dəfə üstələyir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 13:43 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dollar təşkil edir ki, bu da ölkənin xarici borcunu yeddi dəfə üstələyir.
Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borcunu yeddi dəfə üstələyir - nazir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dollar təşkil edir ki, bu da ölkənin xarici borcunu yeddi dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya azərbaycanlılarının III qurultayında çıxışı zamanı bildirib.

"2000-ci ildən Azərbaycanın ÜDM-i 4 dəfə artıb, son yeddi il ərzində ÜDM və sənaye istehsalı üçqat artıb", - nazir deyib.

Onun sözlərinə görə, 20 il əvvəl Azərbaycanda həm siyasətdə, həm də iqtisadiyyatda xaos hökm sürürdü və ölkənin iqtisadi inkişafının illik azalma səviyyəsi 16-17 faiz təşkil edirdi. Dövlət büdcəsinin kəsiri 13 faiz idi, mal dövriyyəsi 42 faiz, əhalinin əməkhaqqı isə altı dəfə azalmışdı.

Mustafayev bildirib ki, ötən əsrin 90-cı illərinin ortalarından ölkədə iqtisadiyyatın bütün sahələrində bazarın liberallaşdırılmasına yönəlmiş struktur islahatlara başlanıldı.

"Əgər 20 il əvvəl Azərbaycanda sahibkarlıq ümumiyyətlə formalaşmamışdısa, bu gün ölkənin ÜDM-nin 80 faizi özəl sektorun hesabına təmin olunur", - nazir deyib.

Onun sözlərinə görə, enerji sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sektorunun inkişafına vəsait ayırmağa imkan verir ki, hazırda bu, Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.

Nazir hesab edir ki, Azərbaycan gələcəkdə iqtisadi sabitliyin saxlanılması üzrə tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

"Ölkə ticarətinin inkişafı və ixracın artırılmasında Azərbaycanın xaricdəki ticarət evləri mühüm rol oynamalıdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti