...

Azərbaycanda 2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemi tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 14:47 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi 2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemini tətbiq etməyi planlaşdırır.
Azərbaycanda 2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi 2012-ci ildə hüquqi şəxslərin onlayn-qeydiyyat sistemini tətbiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər nazirinin müavini Natiq Əmirov brifinqdə deyib.

"Hüquqi şəxslərin elektron qeydiyyatı fiziki şəxslərin qeydiyyatından daha mürəkkəb prosesdir. Bu tip qeydiyyat əsasən xarici hüquqi şəxsləri əhatə edir. Onun tətbiqi üçün ən vacib şərt elektron imzaların olmasıdır. Ölkə qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsindən sonra biz 2012-ci ildə hüquqi şəxslərin elektron qeydiyyatına başlamağı planlaşdırırıq", - Əmirov bildirib.

Onun sözlərinə görə, nazirlik bu tip qeydiyyatın tətbiqi üçün zəruri proqram təminatının hazırlanmasına artıq başlayıb.

Vergilər Nazirliyi iyulun 1-dən ilk dəfə olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyat sisteminin tətbiqinə başlayıb.

Fiziki şəxslərin elektron qeydiyyatının tətbiqinin ilk yeddi günü ərzində nazirliyin saytından 75 fiziki şəxs vergiödəyicinin tanınma nömrəsini alıb.

Ehtimal olunur ki, qeydiyyatın bu növünün tətbiqi vergiödəyicilərin sayının daha da artmasına imkan verəcək. Elektron qeydiyyatın tətbiqi qeydiyyatla bağlı vaxt itkisini iki gündən 2-3 dəqiqəyədək azaltmağa, vergi orqanlarının fəaliyyətinin effektivliyini artırmağa imkan verəcək.

"Bir pəncərə" vasitəsilə biznesin qeydiyyat sistemi 2008-ci ilin əvvəlindən tətbiq olunmağa başlanıb və Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti