Azərbaycan, Bakı, 17 avqust / Trend, müxbir N.İsmayılova /
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti iki keyfiyyətsiz dondurma istehsalçısına qarşı ümumi məbləği 5,53 min manta həcmində maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Dövlət Xidməti Bakının Nəsimi rayonunda yerləşən "Qranit" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı pozuntu halları aşkar edib. Monitorinq zamanı dondurmaların laborator müayinədən keçirilmədən satılması, "Elegant", "Karnaval", "Bosman", "Ailəvi" dondurmalarının etiketlərində məhsulun qida və enerji dəyərinin, "Ailəvi" dondurmasının etiketində isə yağlılığın resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda "Ailəvi" dondurmasının etiketində məhsulun tərkibində təbii südün olmasının, "Elegant", "Karnaval", "Bosman", "Ailəvi" dondurmalarının tərkibində isə resepturalarında nəzərdə tutulmayan hidrokarbonatların olmasının göstərilməsi faktları aşkar edilib.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Qranit" firmasına 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
Dövlət Xidməti habelə Xətai rayonunda yerləşən fiziki şəxs Tahir Qasımova məxsus istehsalat sahəsində də pozuntular aşkara çıxarıb. Monitorinq zamanı dondurmaların etiketində enerji dəyərinin resepturada müəyyən edilmiş həddən fərqli və tərkibində resepturada nəzərdə tutulmayan xammallar olduğunun göstərilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması faktları qeydə alınıb.
Dövlət Xidmətində aşkar edilən pozuntular və istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı Tahir Qasımova 637 manat maliyyə sanksiyası tətbiq edilib.
Avqustun 17-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.