Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
"TBC Kredit"in kredit portfeli 2011-ci ilin üçüncü rübünün yekunlarına əsasən, 2010-cu ilin anoloji dövrü ilə müqayisədə 35 faiz artaraq 26,2 milyon dollara çatıb (1 oktyabr 2010-cu il tarixinə 19,4 milyon dollar). Trend-in məlumatına görə, bu barədə "TBC Kredit"in çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Kredit portfelinin çox hissəsini - 46 faizini biznes kreditləri təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 25 və 29 faizdir. Biznes portfelinin 27,5 faizini mikrobiznes kreditləri təşkil edir. İstehlak kreditlərinin həcmi keçən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 150 faiz artıb. (1 oktyabr 2011-ci il tarixinə 7,7 milyon dollar, oktyabr 2010-cu il tarixinə 3 milyon dollar). Istehlak kreditləşməsinin belə artımı məhsul xəttinin daim genişləndirilməsi və həmçinin kredit məhsullarının daha geniş çeşidinin təqdim olunması ilə əlaqədardır. Belə ki, bu ilin may ayından avtomobil kreditləri üzrə kredit şərtləri yaxşılaşdırılıb, avqustdan etibarən, ali təhsil müəssissələrində yeni dərs ilinin astanasında yeni "Təhsil krediti" məhsulu təklif edilib.
Kreditləşmə həcminin artırılması "TBC Kredit"in birinci dərəcəli məqsədlərindən biridir. Beləliklə, bu ilin yanvar ayından etibarən bütün kredit növləri üzrə daha əlverişli şərtlər, həmçinin həm istehlak, həm də biznes seqmentləri üzrə yeni məhsullar təklif edilib.
"TBC Kredit" 2011-ci ilin sonuna kredit portfelini 30 milyon dollara qədər artırmağı planlaşdırır və aylıq kreditləşmə həcmini artıraraq nəzərdə tutlmuş nəticəyə doğru plana uyğun surətdə irəliləyir.
"TBC Kredit" fəal şəkildə inkişaf edir və bu da xarici investisiyaların cəlb edilməsi üçün əsas amillərdən biridir.
Şirkət aktiv surətdə AYİB, OPİC və s. beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Sentyabrda Responsability Social Investments AG ilə müqavilə bağlanıb və mikrobiznes kreditləşməsinin inkişafı üçün 1 milyon dollar alınıb. Həmçinin ilin sonuna qədər AYİB və MicroVest ilə kredit xəttinin ayrılması üçün uzunmüddətli müqavilələrin imzalanması gözlənilir.
"TBC Kredit"in biznes fəaliyyətinin sabitliyi hər şeydən əvvəl yüksək xidmət səviyyəsi ilə səciyyələnir. Kompaniyanın üstünlüyü müştərilərin ehtiyaclarını tam bilməsi və dərindən anlamasındadır. "TBC Kredit" bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir.
"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25 faizi isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.