Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova/
Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən layihələrin portfelinin qiymətləndirilməsini aparıb, qiymətləndirmənin yekunu üzrə onların mövcud vəziyyəti ilə bağlı vahid hesabat hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DB-nin Bakı nümayəndəliyin rəhbəri Cozef Ouen layihə qruplarının rəhbərləri ilə görüşdə deyib.
Bununla bağlı ölkəyə DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alam gəlib.
Sonuncu dəfə layihələr portfelinin icmalı DB-də iki il əvvəl keçirilib.
Ouenin dediyinə görə, Azərbaycanın 1992-ci ildən DB-yə üzv olmasından bəri bank 43 kayihənin həyata keçirilməsinə 2,9 milyard investisiya qoyub.
Bankın Azərbaycandakı mövcud portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən təşkil olunub. Onlar nəqliyyat, su və kanalizasiya sektorunu, kənd təsərrüfatı və süni suvarma, səhiyyə və təhsil sahələrini əhatə edir.
DB-nin Azərbaycan infrastrukturundakı nəzərə çarpan əmanətlərindən biri yolların tikintisindəki investisiyalardır", - nümayəndəliyinin rəhbəri deyib.
Onun sözlərinə görə, 2001-ci ildən yol layihələri çərçivəsində 300 kilometr uzunluğunda yol təmir edilib və yaxın illərdə daha 300 kilometr yolun yenidən qurulması planlaşdırılır.
O bildirib ki, eləcə də su təchizatının yaxşılaşdırılması sahəsində layihələr vacibdir.
"Bu sahədə iki layihənin həyata keçirilməsi 12 rayonda su təchizatının yaxşılaşmasına kömək edib, digər rayonlar üzrə isə texniki-iqtisadi əsaslandırma hazırlanıb və işlər aparılır", - Ouen deyib.
Hazırda 43 rayonu əhatə edən su təchizatı və kanalizasiya xidməti sistemlərinin yaxşılaşdırılması üzrə iki layihə həyata keçirilmə mərhələsindədir.
DB nümayəndəsinin sözlərinə görə, süni suvarma layihələrinin həyata keçirilməsi çərçivəsində 60 min hektarda suvarma sistemi yaxşılaşdırılıb və ikinci süni suvarma layihəsi çərçivəsində daha 60 min hektarda sistemin yaxşılaşdırılması planlaşdırılır.