...

Azərbaycan biznesi 2011-ci il üzrə güzəştli maliyyələşmənin artıq 88 faizini istifadə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 19:22 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ilin ötən dövrü ərzində 1457 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 milyon manat güzəştli kredit ayırıb.
Azərbaycan biznesi 2011-ci il üzrə güzəştli maliyyələşmənin artıq 88 faizini istifadə edib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ilin ötən dövrü ərzində 1457 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 milyon manat güzəştli kredit ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

"Bu layihələrin həyata keçirilməsi 5600-dən artıq yeni iş yerinin açılmasına imkan verəcək", - məlumatda bildirilir.

SKMF "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini noyabrın 4-də Cəlilabad rayonunun Qarazəncir kəndində keçirib. Tədbirdə 100-ə yaxın fermer iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi SKMF-nin vəsaitləri hesabına maliyyələşdirilən Cəlilabad şəhərində "Cavid-Ş" MMC-nin tutumu 2 min ton olan müasir soyuducu və "Avanqard" MMC-nin tutumu 10 min ton olan taxıl anbarı komplekslərinin fəaliyyətinə baxış keçirilib.

Bu günə qədər Lənkəran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 91 investisiya layihəsinin maliyyələşdirilməsinə 3,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 4 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,4 milyon manat və 87 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 1,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 460-dan çox yeni iş yerinin yaradılması mümkün olacaq.

Tədbirdə Qarazəncir kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan dörd istiqamətdə - intensiv üzümçülük, kartofçuluq (və ya kartof toxumçuluğu) təsərrüfatlarının, kiçik və orta həcmli çiyələk emalı müəssisələrinin yaradılması və taxıl əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Sahibkarların nəzərinə çatdırılıb ki, qeyd olunan sahələr üzrə nümunəvi investisiya layihələrinin Fonddan əldə edə bilərlər və onların istəyinə uyğun olaraq layihələrin dəyərinin 100%-i güzəştli kredit hesabına maliyyələşdirilə bilər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 379 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Layihələrin maliyyələşdirilməsi 38 müvəkkil bank (onların arasında 30-u bankdır), 7 kredit ittifaqı və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir.

SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə 453,1 milyon manat ayırıb.

Noyabrın 4-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti