Azərbaycan, Bakı, 23 dekabr /Trend /
Bu gün AccessBank 2002-ci ildə açıldığı dövrdən etibarən özünün 500,000-ci kreditini verdiyini elan edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
"Bu, ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir", - məlumatda deyilir. Ümumilikdə, yaradıldığı gündən etibarən Bank 250,000-dən artıq müxtəlif müştərilərin maliyyələşdirilməsinə 1,75 milyard ABŞ dollarından artıq vəsait sərf edib. Orta hesabla, ay ərzində AccessBank 10,000 müştərini maliyyələşdirir, bu günədək AccessBank-dan kredit almış müştərilərin ümumi sayı isə 115,000 nəfərdən artıqdır.
AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky bu nəticələri şərh edərək deyib: "AccessBank Azərbaycanın mikro- və kiçik müəssisələrinə və ailələrinə maliyyə xidmətləri göstərmək məqsədi ilə yaradılıb. Bu rəqəmlər bir daha təsdiq edir ki, biz öz missiyamızı yerinə yetiririk və Azərbaycanın inkişafına böyük töhfə veririk".
Hal-hazırda bankın müştərilərinin ümumi sayı təxminən 175,000 nəfərdir və bu göstərici gündən-günə artır. Təkcə cari ilin noyabr ayında Bankda aparılan bütün əməliyyatlar üzrə xidmət göstərilən müştərilərin sayı 130,000 nəfərdən artıq olub. Bu, növbəti dəfə onu göstərir ki, AccessBank Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verərək, hər ay daha çox sayda müştərilərə xidmət göstərməklə sabit şəkildə artır.
АccessBank-ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.
AccessBank 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3.5 faiz) şirkətləridir.