...

Azərbaycan kiçik sahibkarlığın inkişafına istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2012 17:23 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin 94 faizi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların payına düşüb.
Azərbaycan kiçik sahibkarlığın inkişafına istiqamətlənib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin 94 faizi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların payına düşüb. Trend-in məlumatına görə, bunu cümə axşamı Fondun icraçı direktoru Şirzad Abdullayevin hakim "Yeni Azərbaycan" partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində deyilir.

"Belə ki, 2011-ci ildə 1550 sahibkara 19.3 mln. manat kiçik həcmli güzəştli kredit verilib. Bu kreditlər hesabına 3300-dən çox yeni iş yerləri yaradılacaq", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Fondun fəaliyyəti dövründə respublikanın regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 660 məcburi köçkünə 9.6 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, məcburi köçkünlərin də sıx məskunlaşdığı Goranboy, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən 2400-dən çox sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 61.6 milyon manat güzəştli kredit verilib.

Ölkədə qadınların biznes sahələri yaratması üçün 2002-2011-ci illərdə Fond tərəfindən qadın sahibkarların 1452 investisiya layihəsinin maliyyələşdirilməsinə 33.4 milyon manat güzəştli kredit verilib.

2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 1643 sahibkarlıq subyektinə 138 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşan layihələrin icrası 6500-dək yeni iş yerinin yaradılmasına imkan verəcək.

SKMF 1992-ci ildə yaradılıb.

Yanvarın 12-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti