Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda Avropa İttifaqının (Aİ) "Peşə sağlamlığı və əmək təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" tvinninq-layihəsi çərçivəsində iş yerlərinin attestasiya standartları hazırlanır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib.
"Hazırda attestasiya sahibkarlar tərəfindən aparılır, lakin bu, beynəlxalq standartlara uyğun görülür. Belə ki, Azərbaycanda bu metodologiya hələ hazırlanmayıb. Tvinninq-layihə çərçivəsində bu sahə ən vaciblərindən biridir", - nazir bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə ölkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Üçtərəfli Sosial Şuranın yaradılması da əhəmiyyətli rol oynayacaq.
Aİ-nin layihəsi özündə beş komponenti birləşdirir: peşə sağlamlığı və əmək təhlükəsizliyi üzrə idarəetmə sistemi üçün texniki şəraitin hazırlanması, peşə sağlamlığı və əmək təhlükəsizliyi üzrə müfəttişliyin monitorinqi üçün göstəricilərin müəyyənləşdirilməsi, peşə sağlamlığı və əmək təhlükəsizliyi və onların istifadə edilməsi üçün əmək müfəttişlərinin kurs keçmələri üzrə yeni sənədlərin hazırlanması və fəaliyyət proseduru, peşə sağlamlığı və əmək təhlükəsizliyi üzrə treninq potensialının gücləndirilməsi, daha səmərəli kommunikasiya alətlərinin hazırlanması və yerlərə səfər üzrə texniki tələblərin müəyyənləşdirilməsi.
Aİ-nin birgə layihələri (EU twinning instrument) tərəfdaş ölkələrə qanunvericiliklərini Aİ-nin qanunverciliyi nümunəsi üzrə təkmilləşdirməkdə kömək etmək üçün əməkdaşlıq alətini nəzərdə tutur. Belə mexanizm Avropa qanunverciliyinin standartları və təcrübəsi əsasında inzibati strukturların mərhələli yenidən qurulmasına hesablanıb.