Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir İ.Xəlilova/
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli sistemin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə və monitorinq subyektlərinin təklifləri nəzərə alınaraq monitorinq olunmalı əməliyyatların xüsusi indikatorları yenilənib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) cümə axşamı yaydığı məlumatda deyilir.
30.12.2011-ci il tarixdə təsdiq olunmuş "Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlar) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə"nin 10.3-cü bəndinə əsasən hazırlanıb.
Xüsusi indikatorlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, habelə bu cür əməliyyatların aparılmasına cəhdlərin müəyyən edilməsi və bu barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi məqsədini daşıyır.
Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş və məhdudlaşdırıcı xarakteri daşımayan xüsusi indikatorlarla yanaşı "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 12.1.5-ci maddəsinə əsasən monitorinq subyektləri fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq daxili nəzarət sistemləri çərçivəsində xüsusi indikatorlar müəyyən etməlidir
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 23 fevral 2009-cu il tarixində yaradılıb. Monitorinq Xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı üzrə xidmət göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.