Azərbaycan, Bakı, 29 fevral /Trend/
Bakı Fond Birjası (BFB) və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) birjanın universitetin tədris həyatında daha yaxından iştirakını nəzərdə tutan qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Birjadan çərşənbə günü Trend-ə verilən məlumata görə, müqavilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi, BFB və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) birgə təşkilatçılığı ilə "Maliyyə bazarları" mövzusuna həsr edilmiş seminarın nəticələri üzrə imzalanıb.
Tədbirdə BFB-nin və Mili Depozit Mərkəzinin mütəxəssisləri, eləcə də yerli maliyyə bazarında peşəkar xidmətlər göstərən "Paşabank", "Texnika Kapital Menecment" və "Qarant İnvest" şirkətlərinin nümayəndələri Azərbaycanın fond bazarı və dünya valyuta bazarları barədə təqdimatlarla çıxış ediblər.
Seminarın nəticələrinə əsasən, BFB və ADİU arasında analoji tədbirlərin mütəmadi keçirilməsi haqqında razılıq əldə edilib ki, bu da müqavilədə öz əksini tapıb.