Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ə.Həsənov/
Azərbaycan Vergilər Nazirliyi vergi ödəyicilərinin vergi qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin vaxtında yerinə yetirilməsi üçün məlumatlandırılması, habelə vergi borcu olan vergi ödəyicilərinə borcları barədə məlumatların fərdi qaydada çatdırılması məqsədilə "2012-ci ildə vergi borcu olmadan" aksiyasının başlandığını elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Martın 28-29-də Vergilər Nazirliyinin nümayəndələri vergi ödəyicilərinə vergi bəyannamələrinin təqdim edilməsi və ödəmələrin vaxtında həyata keçirilməsi haqqında bildirişlər paylayıb, borclu vergi ödəyicilərinin təsərrüfat obyektlərinə getməklə onlara borcları olması barədə məlumatları çatdırıblar.
Eyni zamanda, onların nəzərinə çatdırılıb ki, cari il aprel 2-də hüquqi şəxslər üçün mənfəət, əmlak, yol vergiləri, fiziki şəxslər üçün isə gəlir vergisi üzrə bəyannamələrin təqdim edilməsinin və vergi ödəmələrinin aparılmasının son müddəti başa çatır, aprelin 20-si isə sadələşdirilmiş vergi üzrə bəyannamələrin təqdim edilməsinin son müddətidir.
Vergi ödəyiciləri aksiyadan razı qaldıqlarını ifadə edərək bildiriblər ki, belə aksiyaların keçirilməsi, borclar barədə onlara vaxtında və fərdi qaydada məlumat verilməsi gələcəkdə bir çox problemlərin qarşısının alınması üçün ən təsirli vasitələrdən biridir.