...

Azərbaycan dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinə görə dünyada ilk üçlüyə daxildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Azərbaycan dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinə görə dünyada üçüncü yeri tutur.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "The business year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.

"Bu gün Azərbaycan adambaşına düşən milli gəlir səviyyəsinə görə dünyanın 100 ölkəsini qabaqlayır. Son səkkiz il ərzində iqtisadiyyatın üçqat artımı nəticəsində Azərbaycan orta gəlirli ölkələr siyahısına daxil olub və orada öz mövqeyini möhkəmləndirib. Müqayisə üçün son 50 ildə dünyada adambaşına düşən ÜDM cəmi 2,4 dəfə artıb", - Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, düşünülmüş neft siyasəti nəticəsində neft sərvətinin maddi rifaha, sabit inkişafa, insan kapitalına çevrilməsi təmin edilib.

"Azərbaycanda hazırda sosial-iqtisadi infrastruktur yenidən tikilir. Son 8 il ərzində dövlət investisiyaları 40 dəfə artıb, bu dövrdə investisiyaların ümumi həcmi 32 milyard dolları ötüb. Büdcənin 51 faizi dövlət investisiyalarının payına düşür. Dünyada sosial proqramlara, o cümlədən təhsil və pensiyaya çəkilən xərclərin azalması şəraitində Azərbaycan büdcəsi həm sosial, həm də investisiya yönümlüdür", - Rüstəmov deyib.

O qeyd edib ki, Azərbaycan ÜDM-in 70 faizi həcmində valyuta ehtiyatlarına malikdir.

"Strateji ehtiyatlar dövlət borcunu 10 dəfə üstələyir, adambaşına düşən valyuta ehtiyatlarının həcmi 5 min dollar təşkil edir. Dünya İqtisadi Forumunun məlumatına görə, Azərbaycan məcmu maliyyə yığımlarının ÜDM-ə nisbətinə görə dünyada altıncı yeri tutur", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, əgər 8 il əvvəl ölkənin tədiyyə balansında kəsir 30 faiz səviyyəsində idisə, hazırda 30 faizlik profisitlə əvəz olunub.

"Dövlət borcunun ÜDM-ə nisbəti cəmi 8 faiz təşkil edir, müqayisə üçün G7 ölkələrində bu rəqəm 120 faizə çatıb", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti