...

Azərbaycanın maliyyə orqanlarının yeni inzibati binaları istifadəyə verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 19:39 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyinin Abşeron Rayonu üzrə Maliyyə İdarəsinin yeni inzibati binası istifadəyə verilib.
Azərbaycanın maliyyə orqanlarının yeni inzibati binaları istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Maliyyə Nazirliyinin Abşeron Rayonu üzrə Maliyyə İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar. Bildirilib ki, müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradılıb. Mərasimdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu bu əlamətdar gündə kollektivi yeni inzibati binanın açılışı münasibətilə təbrik edib. Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işlərinin bütün sahələri əhatə etdiyini vurğulayan Şərifov qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılıb və nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunub.

Nazir əmin olduğunu bildirib ki, yeni inzibati binanın istifadəyə verilməsi ilə idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.

Bu gün Samir Şərifovun iştirakı ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Burada da müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və çevikliyini daha da artırır. Qeyd olunub ki, 2 saylı Xəzinədarlıq İdarəsi hazırda 90-na yaxın büdcə təşkilatına xidmət göstərir.

Açılış mərasimində çıxış edən maliyyə naziri bildirib ki, son illərdə respublikamızda informasiya texnologiyaları sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına nail olunub. Eyni zamanda, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə olunmasının təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın İdarə edilməsinin İnformasiya Sisteminin yaradılması layihəsi uğurla həyata keçirilməkdədir. Dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli istifadə edilməsi üçün Bakı şəhəri üzrə Xəzinədarlıq idarələrinin, həmçinin Gəncə şəhəri, Xaçmaz və Abşeron rayonları üzrə maliyyə idarələrinin sistemə qoşulması və xəzinə əməliyyatlarının Xəzinədarlığın İdarə edilməsinin İnformasiya Sisteminin çərçivəsində aparılması tam şəkildə başa çatdırılıb.

Son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldığını vurğulayan Şərifov əlavə edib ki, bütün bunlar ölkə rəhbərliyinin Maliyyə Nazirliyi və onun çoxsaylı kollektivinin əməyinə verilən böyük diqqət və qayğının təzahürüdür.

Xəbər lenti

Xəbər lenti