Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/
Dövlət büdcəsinin uğurla icra edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin istifadə həcmini azaltmağa imkan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
"Xərclərin icrasının planlaşdırılan səviyyədən az olması, gəlirlərin isə 100 faizdən çox olması ARDNF-dən transfertlərin planlaşdırılan səviyyədən 203 milyon manat az istifadə edilməsinə imkan yaradıb", - Şərifov deyib.
Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanın dövlət büdcəsi əvvəllər planlaşdırılan dövlət layihələri və proqramlarını vaxtında icra etməyə, əməkhaqları, müavinətlər, pensiya və təqaüdlərin vaxtında ödənilməsinə imkan verib.
2011-ci ildə dövlət büdcəsinin gəlir hissəsi 100,9 faiz icra edilib.
"Ötən il dövlət büdcəsinin gəlir hissəsi 15554,2 milyon manatlıq proqnoza qarşı 15700,7 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisini 4297,7 milyon manat və ya 37,7 faiz üstələyir", - Şərifov qeyd edib.
Onun sözlərinə görə, ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisi 31,4 faiz təşkil edib. Dövlət büdcəsi gəlirlərinin 34,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmalar, 7,3 faizi Dövlət Gömrük Komitəsi, 57,3 faizi ARDNF, 0,5 faizi isə digər mənbələr hesabına təmin edilib.
Nazirin sözlərinə görə, 2011-ci ildə xərclər 96,6 faiz icra edilib və 15941,2 milyon manatlıq proqnoza qarşı 15397,5 milyon manat təşkil edib. Bu, 2010-cu ilin göstəricisini 30,9 faiz və ya 3631,6 milyon manat üstələyir.
"Ölkə ÜDM-də büdcə xərclərinin xüsusi çəkisi 30,8 faiz təşkil edib ki, bu da ötən ilin göstəricisini 3,1 faiz üstələyir. Xərclər strukturunda 46,2 faiz və ya 7115,4 milyon manat cari xərclərə, 51,6 faiz və ya 7938,3 milyon manat əsas xərclərə, 2,2 faiz və ya 343,8 milyon manat isə xarici borca xidmət göstərilməsinə və dövlətin digər öhdəliklərinə ayrılıb", - Şərifov vurğulayıb.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsi 303,2 milyon manat profisitlə icra edilib.
"2012-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinədarlıq hesabında qalıq 382,9 milyon manat təşkil edib", - Şərifov deyib.
Nazirin sözlərinə görə, 2011-ci ildə icmal büdcəsinin gəlirləri 116,2 faiz icra edilib və 19982,6 milyon manatlıq proqnoza qarşı 23225,7 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisini 3781,7 milyon manat və ya 19,4 faiz üstələyir.
İcmal büdcənin xərcləri 94,4 faiz icra edilib və 18614,8 milyon manatlıq proqnoza qarşı 17540,7 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisini 3899,4 milyon manat və ya 28,6 faiz üstələyir.
"2011-ci ilin icmal büdcəsi 5685 milyon manatlıq profisitlə icra edilib. ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcədə 9943,4 milyon manatlıq səviyyəsində kəsir qeydə alınıb. Bu, ölkə ÜDM-in 19,9 faizini təşkil edib ki, bu da proqnozlaşdırılan səviyyədən 7,1 faiz azdır", - Şərifov deyib.