...

Azərbaycanın istehlak bazarı genetik modifikasiya olunmuş məhsullarla doludur

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 15:26 (UTC +04:00)
Azərbaycanda "Toxumçuluq haqqında" qanuna müvafiq olaraq, genetik modifikasiya olunmuş məhsulların idxalına rəsmən qadağa qoyulmasına baxmayaraq, həmin məhsullara hələ də istehlak bazarında rast gəlinir.
Azərbaycanın istehlak bazarı genetik modifikasiya olunmuş məhsullarla doludur

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda "Toxumçuluq haqqında" qanuna müvafiq olaraq, genetik modifikasiya olunmuş məhsulların idxalına rəsmən qadağa qoyulmasına baxmayaraq, həmin məhsullara hələ də istehlak bazarında rast gəlinir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

"Azərbaycanın istehlak bazarına çıxarılan qarpız və kartofun 40 faizi, çuğundurun 50 faizi, pomidorun 80 faizi, soyanın 95 faizi genetik modifikasiya olunmuş məhsullardır", - Hüseynov deyib.

Ərzaq məhsulları problemlərinə toxuna AİB sədri qeyd edib ki, bazara çıxarılan qazlaşdırılmamış suyun 50 faizi saxtadır.

"Azərbaycanda suyun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya yoxdur və buna görə də biz onun xüsusi filtrdən keçirilərək təmizləndiyini və ya onun krandan götürüldüyünü bilmirik", - Hüseynov vurğulayıb.

O qeyd edib ki, AİB dünyada istehlakçıların hüququnu pulsuz müdafiə edən yeganə təşkilatdır.

"Birliyin Bakı ofisində telefonla istehlakçılardan gündəlik 10-12 müraciət qəbul edirik, ölkənin regionlarında 30 filialımız var. Hər regionda gündə istehlakçılardan 1-2 zəng qeydə alınır", - Hüseynov deyib.

Onun sözlərinə görə, müraciətlərin 40 faizini istehlakçı məhsullarla bağlı şikayətlər təşkil edir. Burada birinci yeri dərmanlarla bağlı şikayətlər tutur. Müraciətlərin 60 faizi isə sahəvi məhsullarla əlaqədardır. Burada birinci yeri mobil telefon, ikinci yeri isə kompüter texnikası və s. ilə bağlı şikayətlər tutur.

Xəbər lenti

Xəbər lenti