Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC Qaraməryəm-İsmayıllı-Şəki yolunun leysan yağışlarından zərər çəkmiş 40-43-cü kilometrliyinin təmiri üzrə işləri təcili şəkildə həyata keçirir. Məqsəd həmin yol üzrə hərəkəti qısa müddətdə tam bərpa etməkdir. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda yolun yalnız bir zolağında nəqliyyat vasitələrinin hərəkəti mümkündür.
"Leysan yağışları, daşqın nəticəsində yol ağac və daş parçaları ilə dolmuşdu və gecə saatlarında gediş hissəsində onların təmizlənməsi üzrə bütün zəruri işlər aparılmışdı. Hazırda yolun zərər görmüş təqribən 3 kilomterlik sahəsinin bərpa edilməsi üzrə işlər aparılır", - Mürsəlov qeyd edib.
Leysan yağışları İsmayıllı rayonunun Topçu və Çəmənli kəndlərində şəxsi təsərrüfatlara böyük ziyan vurub.