Danimarka hökuməti metanolun əsasında hazırlanan yanacaq elementlərinin tədqiqatlarını dəstəkləyərək, onları elektromobillərin gediş ehtiyatının artırılmasını təmin edən vasitələr kimi ucuz və səmərəli həll adlandırır.
Danimarkanın "Ecomove" şirkəti istehsal etdiyi "Qbeak" elektromobilinin gediş ehtiyatı artırılmış yeni versiyasını işləyib hazırlayır. Metanol əsaslı yanacaq elementlərindən istifadə etməklə, yeni avtomobilin batareyanı bir dəfə doldurmaqla 800 km məsafə qət etməsi nəzərdə tutulur.
Avtomobil batareyaların qoyulduğu modulların quraşdırılması üçün altı slot, istifadəçinin tələblərindən asılı olaraq metanol çəni və ya yanacaq elementi ilə təchiz olunur. Gediş ehtiyatının daha uzun məsafəyə artırılması məqsədilə əlavə modulların daxil edilməsi üçün əlavə spesifikasiyaların nəzərdə tutulması da mümkündür.
Yanacaq elementlərində olan metanol parçalanaraq elektrik enerjisi və əlavə məhsul kimi su əmələ gətirir. Metanolun parçalanması zamanı işlənmiş qazların buraxılması baş vermir, hasil olunan istilik isə kabinənin 80 faiz effektivlik göstəricisi ilə isidilməsi üçün istifadə olunur.
Metanolla çənləri doldurma benzin doldurma prosesinə oxsayır. "Ecomove" şirkətinin məlumatına əsasən, metanolu yanacağın verilməsi üçün mövcud boru xətlərinin vasitəsilə də paylamaq mümkündür.
Avtomobilin təcrübə nümunəsi "Ecomove" şirkətinin "Qbeak" modelinə əsaslanmışdır. Bu model uzunluğu üç metr təşkil edən modul quruluşlu yüngül avtomobildir. Müxtəlif üslubda tərtib olunan gövdəyə uyğunlaşdırıla bilən bu avtomobilin altı oturacaq yeri var. Avtomobilin çəkisi enerji modulları quraşdırılmamış halda 400 kq təşkil edir və onun təkərlərinin çənbər hissəsində 120 km/saat maksimal sürəti təmin edən elektrik mühərrikləri quraşdırılmışdır.
"Ecomove" şirkəti birinci avtomobilini bu ilin sonuna buraxmağı planlaşdırır. Bu təşəbbüs batareyanı bir dəfə doldurmaqla hədəf olaraq minimal qət etdiyi məsafə 800 km və ya 497 mil təşkil edən elektromobil batareyaları ilə işləyən ekoloji təmiz, sadə və rəqabətə davamlı gediş ehtiyatını artıran vasitələrin yaradılması məqsədini daşıyan Modul tipli enerjidaşıyıcılar (MECc) layihəsinin bir hissəsidir.
Bu layihə Enerji Texnologiyalarının İşlənib Hazırlanması və Nümayiş Etdirilməsi (EDDP) üzrə Danimarka Proqramı tərəfindən maliyyələşdirilir. Proqram 2050-ci ilə ölkənin yer altından çıxarılan yanacaq növlərindən asılı olmamasına nail olmaq üzrə ümumi planın bir hissəsini təşkil edir.