...

Azərbaycan MDB-də rəqabətədavamlılıq üzrə liderliyi qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 11:19 (UTC +04:00)
Azərbaycan dünya iqtisadiyyatında rəqabətədavamlılıq reytinqində mövqeyini xeyli yaxşılaşdırıb.
Azərbaycan MDB-də rəqabətədavamlılıq üzrə liderliyi qoruyur

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan dünya iqtisadiyyatında rəqabətədavamlılıq reytinqində mövqeyini xeyli yaxşılaşdırıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, analiz və proqnozlaşdırma şöbəsinni rəhbəri Ədalət Muradov bildirib.

Ümumdünya İqtisadi Forumunun (ÜİF) tərtib etdiyi 2012-2013-cü illərdə rəqabətədavamlılıq reytinqində Azərbaycan dünyanın nisbətən rəqabərətədavamlı iqtisadiyyatları sırasına daxil olub və 144 ölkə arasında 46-cı yeri tutub.

"Ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini 9 bənd yaxşılaşdırıb ki, bu da dövlət başçımızın uğurla yürütdüyü iqtisadi siyasətin göstəricilərindən biridir", - Muradov deyib.

Ötən illə müqayisədə Azərbaycan ən böyük artımı əmtəə bazarının effektivliyinin göstəricisi üzrə əldə edib - 19-cu mövqe.

"İnnovasiya potensialı göstəricisi üzrə Azərbaycan reytinqdə 14 pillə, texnoloji səviyyə üzrə 13 pillə, institutların keyfiyyəti üzrə 5 pillə artıb. Makroiqtisadi stabillik göstəricisi üzrə Azərbaycan ilk iyirmilikdə (18-ci yerdə) qərarlaşıb ki, bu da çox yaxşı göstəricidir", - Muradov qeyd edib.

Azərbaycan rəqabətədavamlılıq indeksi üzrə artıq dördüncü ildir ki, MDB məkanında lider olur. Ondan sonra Qazaxıstan, Rusiya, Ukrayna və başqaları gəlir.

"2005-ci ildən başlayaraq Azərbaycandan başqa MDB ölkələri arasında öz mövqelərini yalnız Ukrayna, Qazaxıstan, Rusiya və Tacikistan yaxşılaşdırıb. Belə ki, Azərbaycan 23, Ukrayna 11, Qazaxıstan 10, Rusiya 8, Tacikistan 4 pillə irəliləyib. Başqa sözlə, Azərbaycan öz reytinqinin yaxşılaşdırılması tempi üzrə də liderlik edir", - Muradov deyib.

ÜİF hər bir ölkə üçün rəqabətədavamlılıq indeksini hesablayarkən 12 əsas göstəricidən istifadə edir: institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi stabillik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabətqabiliyyətliliyi, innovasiya potensialı.

Xəbər lenti

Xəbər lenti