...

Gəncədə "I Beynəlxalq Şərab Festivalı" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 18:28 (UTC +04:00)
Oktyabrın 6-da Gəncədə İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "I Beynəlxalq Şərab Festivalı" keçirilib.
Gəncədə "I Beynəlxalq Şərab Festivalı" keçirilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Oktyabrın 6-da Gəncədə İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "I Beynəlxalq Şərab Festivalı" keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda Ümumdünya Şərabçılıq Təşkilatının, Fransanın Azərbaycandakı səfirliyinin və Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun, aidiyyəti dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan iş adamları iştirak ediblər.

İştirakçıları festivalda nümayiş olunan şərabçılıq məhsulları ilə tanış olublar. Festivalda iştirak edən ölkələrin təmsil olunduğu şirkətlər üçün ayrılmış sahədə müxtəlif şərablar (sakit şərablar, köpüklənən şərablar, orqanik şərabçılıq, şampan şərabı, konyaklar, şərab materialları və konyak spirtləri) nümayiş olunub.

Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. "2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, bu sahələrin gəlirliliyinin və ixracat potensialının artırılmasına əlverişli şərait yaradacaq. İqtisadiyyatın digər sahələrində olduğu kimi, şərabçılığın stimullaşdırılması, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi davam etdirilir.

Qeyd edilib ki, "I Beynəlxalq Şərab Festivalı"nın keçirilməsi bu sahənin inkişaf perspektivlərinin öyrənilməsi, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanlarının genişləndirilməsi, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində ziyarətçilər üçün yerli və xarici istehsalçılar tərəfindən şərabçılıq məhsullarının təqdimatı ilə yanaşı, rəssamların "şərab və incəsənət" adlı ekspozisiyası, musiqili-bədii kompozisiya nümayiş olunub, milli mətbəximizin nümunələri təqdim edilib.

Oktyabrın 7-də isə "Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, davamlı inkişaf mərhələsində qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib. Qeyd edilib ki, 2004-2011-ci illərdə ÜDM 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir.

Ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolunun artdığını vurğulayan nazir müavini ÜDM istehsalının 80%-dən çoxunun özəl sektorun payına düşdüyünü vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Gəncədə keçirilən "I Beynəlxalq Şərab Festivalı"nda nümayiş olunan yüksək keyfiyyətli şərabçılıq məhsulları buna əyani sübutdur. Qeyd olunub ki, şərabçılığın inkişaf etdirilməsi, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir və bu sahədə sahibkarlara hər cür dəstək göstərilir.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Menuier ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Fransa və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kastelluççi, Fransanın Konyak şəhərinin meri Mişel Gourinkas Azərbaycan-Fransa, eləcə də ölkəmizlə Fransanın ayrı-ayrı regionları arasında iqtisadi əlaqələrinin genişlənməsində özəl sektorun rolunu qeyd edib, rəqabətqabiliyyətli və ixracyönümlü şərabçılıq məhsullarının istehsalında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Konfrans çərçivəsində yerli və xarici iş adamlarının iştirakı ilə işgüzar görüş keçirilib, əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti