...

Statoil-Azərbaycan şirkəti Azərbaycanda “PETRAD” təlim kurslarının məzunlar şəbəkəsinin qurulmasına vasitəçilik edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 14:12 (UTC +04:00)
Norveçin neft sektorunda siyasət və resursların idarə edilməsi, işlənmə və istismarı üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan PETRAD Azərbaycanda təlim kurslarının ilk məzunlar şəbəkəsini yaratmışdır.
Statoil-Azərbaycan şirkəti Azərbaycanda “PETRAD” təlim kurslarının məzunlar şəbəkəsinin qurulmasına vasitəçilik edir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Norveçin neft sektorunda siyasət və resursların idarə edilməsi, işlənmə və istismarı üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan PETRAD Azərbaycanda təlim kurslarının ilk məzunlar şəbəkəsini yaratmışdır.

"PETRAD kimi bir təşkilatın timsalında Norveçdən Azərbaycana təcrübə ötürülməsinə vasitəçilik etməklə, resursların məqsədyönlü idarə olunması və səriştənin inkişaf etdirilməsinə müsbət töhfə verəcəyimizə inanırıq" - deyə Statoil-un Azərbaycanda regional inkişaf üzrə vitse-prezidenti Tanguy Cosmao bildirib.

"PETRAD"ın direktoru Øystein Berg seminarın qonaqlarını salamlayaraq, bildirmişdir: "PETRAD kurslarının əsas məqsədlərindən biri neft sektorunda siyasət və idarəetmə sahəsində, eləcə də karbohidrogenlərin kəşfiyyatı və hasilatı ilə bağlı genişmiqyaslı layihələrdə ümumi səmərəliliyi təmin etmək bacarıqlarını inkişaf etdirməkdir."

Professor Ove Tobias Gudmestad isə dəniz dibinin işlənməsi sahəsindəki yeni tendensiyalar, Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ilk sualtı hasilatında tətbiq edəcəyi texnologiya haqda məlumat verdi.

PETRAD məzunlarının Azərbaycanda keçirilən ilk toplantısına PETRAD-ın təxminən 15 nəfər keçmiş azərbaycanlı məzunu iştirak edirdi. Seminarda həmçinin dövlət təşkilatlarının nümayəndələri də iştirak edirdilər. PETRAD təşkilatı haqda daha ətraflı məlumatla bu ünvanda tanış ola bilərsiniz: www.petrad.no
Tədbir Statoil şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 illik yubiley mərasimləri çərçivəsində, sözügedən şirkətin vasitəçiliyi və təşkilatçılığı ilə keçirilib. Belə ki, Statoil Azərbaycanda yubileyini ötən həftə Bakıda açılışı olmuş "Üz-üzə" (Face to Face) müasir incəsənət sərgisindən başlayaraq Azərbaycan incəsənətini sənədləşdirən və mühafizə edən "Neft və Sənət" kitabı, həmçinin cari ayın əvvəlində keçirilmiş "Karbohidrogen ehtiyatlarının çıxarılmasına inteqrasiyalı yanaşma" adlı beynəlxalq geologiya və geofizika konfransına qədər bir sıra ən müxtəlif tədbirlərlə qeyd edir.

"Statoil" 36 ölkədə fəaliyyət göstərən və dünya üzrə dəniz yataqlarının ən böyük operatoru olan beynəlxalq enerji şirkətidir. Norveçin kontinental şelfində 40 illik neft və qaz hasilatı təcrübəmizə əsaslanaraq, məsuliyyətlə, müasir texnologiya və mütərəqqi biznes həlləri tətbiq etməklə dünya enerji ehtiyaclarının qarşılanmasının keşiyində dururuq. Mərkəzi ofisi Norveçdə yerləşən Statoil-un dünyada 20000 işçisi var. Şirkət Nyu-York və Oslo fond birjalarının siyahılarına daxildir. Daha ətraflı: www.statoil.com

Statoil Azərbaycanda 1992-ci ildə işə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərən ikinci ən iri xarici sərmayə şirkətidir. Statoil Azərbaycana 5 milyard ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkətimiz 8,56% payla Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının neft hasilatında, 25,5% payla "Şahdəniz" qaz yatağının işlənməsində təmsil olunur, müvafiq olaraq, Bakı-Tblisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) pay sahibidir. Azərbaycanda hazırkı gündəlik neft hasilatımız təqribən 100000 barelə bərabərdir ki, bu da Statoil şirkətinin beynəlxalq hasilatının 20 %-dən artıq deməkdir. Biz Azərbaycanda qarşımıza uzunmüddətli vəzifələr qoyaraq fəaliyyət göstəririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti