Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir C.Nəsibova/
MDB-də güclü infrastrukturun yaradılmasına və inkişafına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyasının baş katibi İstvan Lenqel "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransında çıxışında deyib.
"MDB-də infrastruktur layihələr üçün maliyyənin cəlb edilməsi elə də asan deyil, lakin bu maliyyənin və beynəlxalq maliyyə institutlarının vəsaitlərinin cəlb edilməsi üçün imkanlar var", - Lenqel bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə infrastruktur layihələrin maliyyələşdirilməsi müxtəlif təşkilatlar, o cümlədən pensiya fondları hesabına həyata keçirilir. Lakin bu cür hallarda belə institutların risklərə qarşı məlumatlı olması və hazırlıq səviyyəsini nəzərə almaq lazımdır, çünki risklərin idarə edilməsi belə proseslərdə vacib rol oynayır.
Lenqel, həmçinin qeyd edib ki, mövcud riskləri nəzərə almaqla kiçik bankların sayını azaltmaq lazımdır. Bununla yanaşı, maliyyə bazarları və fondlarının sayı da artırılmalıdır.
"Bu proses bankların konsolidasiyası və ya onların iriləşdirilməsi, həmçinin bankların kapitallaşmasına qarşı tələblərin artırılması vasitəsilə həyata keçirilə bilər", - o deyib.