Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S.Ağayeva/
İntensiv işgüzar əlaqələr Belarus və Azərbaycan arasındakı ticari-iqtisadi əməkdaşlıqda müsbət əks olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasında əməkdaşlığa həsr edilmiş mətbuat konfransında deyib.
"Son illər ərzində ikitərəfli əməkdaşlığın yeni istiqaməti - investisiya əməkdaşlığı güclənməkdədir. Hazırda Belarusda Azərbaycan kapitalının iştirakı ilə logistika, ticarət və iaşə sahəsində layihələr uğurla həyata keçirilir", - Patskeviç qeyd edib.
Onun sözlərinə görə, ötən il Belarusda Azərbaycan investisiyalarının həcmi 8 dəfə artıb və gələn il daha da artacağı gözlənilir.
"Dekabrda iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə biznes forum keçirməyi planlaşdırırıq və Azərbaycan şirkətlərini forumda iştiraka dəvət edirik", - diplomat deyib.
Səfirin sözlərinə görə, Azərbaycan və Belarus arasında qarşılıqlı ticarət sahəsində qeyri-neft əmtəə dövriyyəsinin sabit artımı müşahidə edilir.
"2011-ci ilin yekunları üzrə qeyri-neft əmtəə dövriyyəsi 43 faiz artım tempi ilə 209,4 milyon dollar təşkil edib. 2012-ci ildə artım tempinin 20 faiz səviyyəsinə çatmaq potensialı ilə bu dövriyyənin gələcəkdə artması gözlənilir. Bununla yanaşı, Belarusun Azərbaycandan idxalının artımı bu ölkənin Azərbaycana ixracının artım tempini qabaqlayır. Xüsusilə, 2012-ci ilin 9 ayı ərzində Azərbaycan mallarının Belarusa tədarükü 27 faiz artıb", - səfir bildirib.
Diplomatın sözlərinə görə, istehsalat kooperasiyası layihələri də inkişaf edib.
"Ənənəvi inkişaf edən MTZ traktorlarının, MAZ avtomobilləri və xüsusi texnikasının yığımı, optik cihazlar, işıq-diod layihələrinə Belarus avtobusları, qoşquları, traktorlar üçün asma qurğuların yığılması, hazırda işlənib hazırlanmanın müxtəlif mərhələsində olan tibbi preparatlar üzrə yeni layihələr əlavə olunub", - Patskeviç bildirib.
Diplomat vurğulayıb ki, həmçinin tikinti xidmətləri sahəsində qarşılıqlı fəaliyyət inkişaf edir.
"Azərbaycan və Belarus prezidentlərinin qərarı ilə Belarusun layihə-tikinti təşkilatları məcburi köçkünlər üçün İsmayıllı rayonunda 45 evdən ibarət yaşayış qəsəbəsinin pilot tikinti layihəsinin həyata keçirilməsində iştirak edirlər. Artıq layihə işləri başa çatıb, yaxın vaxtarda tikinti işləri də başlayacaq", - Patskeviç qeyd edib.