Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Bədəlova/
Latviya və Azərbaycan ikitərəfli əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb edilməsi məsələlərini müzakirə edəcəklər. Bu barədə bazar ertəsi Trend-ə Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Latviyanın Baş naziri Valdis Dombrovskisin noyabrın 27-30-da Azərbaycana baş tutacaq səfəri zamanı tərəflər nəqliyyat, tranzit, logistika, informasiya texnologiyaları, sosial təminat, təhsil, sənaye, turizm, enerji, xarici ticarət və bank sektoru sahələrində əməkdaşlığın möhləmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Dombrovskis yüksək vəzifəli şəxslərlə görüşəcək və sahibkarlıq sahəsində daha sıx tərəfdaşlıq əlaqələrinin yaradılması imkanlarını, həmçinin ikitərəfli siyasi münasibətləri müzakirə edəcək.
Səfər çərçivəsində Azərbaycan tərəfi Latviyada dövlət miqyaslı layihələrə investisiya yatırmaq imkanları ilə tanış olacaq.
Baş naziri Latviyanın 80-dən artıq iş adamı müşayiət edəcək.
"Bu, son illər ərzində sahibkarlardan ibarət ən böyük nümayəndə heyətlərindən biridir ki, bu da Latviyanın işgüzar dairələrinin Azərbaycanda biznes imkanlarına böyük marağının təzahürüdür", - məlumatda qeyd edilir.