...

DB Azərbaycana ayırdığı vəsaitlərin mənimsənilməsi templərinin artımını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) Azərbaycanda layihələrə ayrılmış vəsaitlərin mənimsənilməsi templərinin artımını təsdiq edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko jurnalistlərə bildirib.

"Mənimsəmə ilə bağlı çox müsbət xəbərlər var, biz ayırılmış vəsaitlərə aktiv templərlə yiyələnməyə başladıq. Azərbaycanın göstəriciləri Şərqi Avropa və postsovet məkanı ölkələri ilə müqayisədə yaxşılaşıb. Bu, son iki ildə bank və hökumət tərəfindən görülmüş işlər nəticəsində baş verir. Biz indi düzgün yoldayıq", - Leşenko deyib.

Onun sözlərinə görə, indi bank iki istiqamətdə işləyir. Bu, hökumətlə birgə yeni layihələrin hazırlanması və layihələrin mövcud portfeli çərçivəsində işlərin yaxşılaşdırılmasıdır.

"Müəyyən mərhələdə böyük miqdarda layihə təsdiq edilmişdi və böyük pullar ayrılırdı, indi biz artıq təsdiq edilmiş layihələr çərçivəsində işlərin yaxşılaşdırılması ilə məşğul oluruq. Yaxşı nəticələr göstərən layihələrimiz var, amma bəzilərinə yenidən baxmaq, mövcud resurslardan daha yaxşı istifadə edilməsini nəzərdən keçirmək lazımdır. Kənd təsərrüfatı, təhsil, səhiyyə, alternativ enerji layihələri yeni layihələr üçün perspektivli istiqamətdir, lakin konkret layihələr barədə danışmaq hələ tezdir", - Leşenko bildirib.

Onun sözlərinə görə, bank indi əvvəlki iki il ərzində ölkə üzrə dördillik strategiya çərçivəsində əldə olunmuş irəliləyişləri qiymətləndirir, hesabat (Country Partnership Strategy Progress Report) hazırlayır və növbəti iki il üzrə proqramı dəqiqləşdirir.

"Güman edirəm ki, bir-iki ay ərzində biz bu işləri başa çatdıracağıq", - Leşenko deyib.

DB-nin qüvvədə olan Azərbaycanla əməkdaşlıq strategiyası 2011-14-cü illəri əhatə edir. Strategiya iqtisadiyyatın qeyri-neft sektorunun möhkəmləndirilməsi, həmçinin infrastrukturun və kənd təsərrüfatının inkişafı kimi prioritetlərə əsaslanır.

Bundan başqa, bankın fəaliyyəti sosial xidmətlərin, həmçinin səhiyyə, təhsil, sosial müdafiə və su təchizatı sahələrinin effektivliyinin gücləndirilməsinə cəmləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti