Azərbaycan, Bakı, 28 noyabr / Trend, müxbir E.İsmayılov /
Azərbaycanla Latviya arasında mövcud olan siyasi dialoq ölkələr arasında iqtisadi əlaqələrin inkişafına yardım edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda Latviyanın Baş naziri Valdis Dombrovskis bildirib.
Latviyada 260-dan çox Azərbaycan kapitalına malik şirkət fəaliyyət göstərir və hökumət rəhbəri gələcəkdə onların sayının artacağına ümid edir.
"Latviya iqtisadiyyatı hazırda Aİ-dəki mövcud problemlərə və vəziyyətə baxmayaraq, Avropada sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir", - Dombrovskis deyib.
Baş nazir biznes forumu zamanı perspektivdə tərəflərin öz əməkdaşlığını genişləndirə biləcəyi sahələr barədə danışıb.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin biznes forumunda dediyi kimi, ölkələr arasında siyasi münasibətlər yüksək səviyyədədir, bu da iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün şərait yaradır.
"Qarşılıqlı münasibətlərin inkişafı çərçivəsində yaxşı normativ-hüquqi baza yaradılıb. Ötən il Azərbaycanla Latviya arasında əmtəə dövriyyəsi 2010-cu illə müqayisədə 2,5 dəfə artıb.
Əməkdaşlıq üçün imkanlar və sahələr kifayət qədər çoxdur ki, bu da ölkələr arasında iqtisadi əlaəqlərin artımını təmin etməyə imkan verir", - nazir deyib.
Mustafayevin qeyd etdiyi kimi, forumda 79-dan artıq Latviya və 150 Azərbaycan şirkəti iştirak edir, bu da tərəflər arasında əməkdaşlığın yoluna qoyulması və artıq mövcud olan əlaqələrin daha da inkişafı üçün imkanlar açır.
Hazırda Azərbaycanda xidmət, sənaye, ticarət, bank və sığorta işi sahələrində Latviya sərmayələri ilə 17 şirkət çalışır.
Latviya statistikasına görə, 2011-ci ildə bu ölkənin Azərbaycanla xarici ticarət dövriyyəsi 27 milyon avro təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 45 faiz çoxdur. Bundan mal və xidmət ixracı 23 milyon avro (artım 45 faiz), mal və xidmət idxalı dörd milyon avro (artım 50 faiz) təşkil edib.
2011-ci ildə Latviya Azərbaycana 18,1 milyon avro dəyərində mal ixrac edib, Azərbaycandan isə bu ölkəyə 3,3 milyon avro dəyərində mal idxal edilib.
2012-ci ilin üç rübü ərzində Latviya Azərbaycana 12,1 milyon avro həcmində mal ixrac edib, Azərbaycandan 1,3 milyon avro həcmində mal idxal edib.
Latviyadan Azərbaycana ixrac edilən əsas mallar heyvandarlıq, metal məmulatlar, ərzaq malları və kimya sənayesi məhsullarıdır. Azərbaycandan əsasən, mineral məhsullar və qida məhsulları idxal edilir.