...

Azərbaycanda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 18:29 (UTC +04:00)
Nəqliyyat Nazirliyi 2013-cü ilin əvvəlindən ictimai nəqliyyatda (avtobuslarda) kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır.
Azərbaycanda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqinə başlanılır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi 2013-cü ilin əvvəlindən ictimai nəqliyyatda (avtobuslarda) kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda nazirlikdə ictimai nəqliyyatda qabaqcadan ödəniş sisteminin tətbiqi məsələləri ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda avtobuslarda kart sisteminin tətbiqinin aktivləşdirilməsi və sürətləndirilməsi prosesi ilə bağlı bütün zəruri tapşırıqlar verilib.

"Bu proses vaxt tələb edir və yaxın 3 ayda bu istiqamətdə işlər sürətləndiriləcək. Məqsəd 2013-cü il ərzində yeni ödəniş sisteminin tətbiqinə başlamaqdır", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, xüsusən turniketlərin və kartların hesablanması üzrə aparatların, yükləmə üzrə terminalların quraşdırılması, kartların sifarişi, ictimai nəqliyyatdan çıxış və giriş sistemlərinin müəyyənləşdirilməsi məsələləri açıq olaraq qalır.

Yeni sistemin tətbiqi çərçivəsində nəzərdə tutulan işlərin həcminə baxmayaraq, nazirlik artıq gələn il sistemin tətbiqinə başlamağı planlaşdırır.

"Dəqiq tarix haqqında danışmaq hələlik çətindir, lakin yeni sistemin gələn il ərzində işləməsi üçün bütün zəruri işlər həyata keçiriləcək", - Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti