Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycan səhmlər bazarının keyfiyyətcə dəyişməsi astanasındadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib.
"11 ay ərzində kapital bazarında əməliyyatların həcmi 30 faiz artıb, korporativ qiymətli kağızlar və dövlət qiymətli kağızlar bazarlarında müsbət dinamika müşahidə edilir. Əsas məqsədimiz xüsusən səhmlər bazarı olmaqla korporativ qiymətli kağızlar bazarının inkişafıdır. Biz qeyri-neft sektorundakı şirkətlərin səhmlər bazarını investisiyalar mənbəyi kimi qəbul etmələrinə maraq göstəririk. 2012-ci ilin ilkin nəticələri göstərir ki, biz bu istiqamətdə keyfiyyətli dəyişikliklər astanasındayıq", - Aslanlı qeyd edib.
Onun sözlərinə görə, 2012-ci ilə səhmlər bazarının həcmi 3 dəfədən çox artıb.
"Belə dinamika ilkin və təkrar yerləşdirmədə müşahidə edilir. 2013-cü ildə daha ciddi dinamika gözləyirik. 2012-ci ildə kapital bazarı infrastrukturlarının əhəmiyyətli təkmilləşdirmə proseslərini yekunlaşdırdıq. Əməliyyatları aparmaq asanlaşdı, onlara sərf edilən vaxt və xərclər kəskin azaldı, imzalanan müqavilələr daha dayanıqlı oldu. Kapital bazarlarından maliyyələşdirmə digər mənbələrlə müqayisədə daha sərfəli maliyyə forması aldı", - Aslanlı vurğulayıb.