...

Əhmədinejad dövlət qulluqçularının sayını 20 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 15:32 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad prezidentlik dövrünün bitməsinə 7 ay qalmış dövlət qurumlarına 500 min yeni işçi cəlb etmək qərarına gəlib.
Əhmədinejad dövlət qulluqçularının sayını 20 faiz artırır

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İran Prezidenti Mahmud Əhmədinejad prezidentlik dövrünün bitməsinə 7 ay qalmış dövlət qurumlarına 500 min yeni işçi cəlb etmək qərarına gəlib. Onlardan 15 min nəfəri Prezident Administrasiyasına tabe olan təşkilatlarda işə qəbul ediləcək.

Hazırda İranın dövlət orqanlarında 2,5 milyon işçi çalışır. Keçən ilin iyun ayında Prezident Administrasiyasının qərarı ilə dövlət qulluqçularının minimum əməkhaqqı 3 921 500 rial (320 ABŞ dolları) səviyyəsində müəyyən edilib. Əməkhaqqının maksimum məbləği isə 2240 dollar təşkil edir. Beləliklə, hətta əməkhaqqının minimum məbləğini nəzərə alsaq, 500 min yeni dövlət qulluqçusunun hökumətdən alacağı maaş ildə minimum iki milyard dollar təşkil edəcək. Yeni işçilərin müxtəlif vəzifələrə təyin olunacağını nəzərə alsaq, bu göstərici böyük bir rəqəmə çevrilir.

Məsələn, İranda keçən il (İranda yeni il martın 20-dən başlayır) dövlət orqanlarının işçilərinə 28 milyard dollar vəsait ayrılıb. İranın dövlət büdcəsinin 461 milyard dollar təşkil etdiyi nəzərə alınarsa, bu rəqəm çox böyükdür.

Həmən il hökumətin ümumi büdcəsi 155 milyard dollar təşkil edirdi, yəni işçilərə ayrılan vəsait hökumətin bütün büdcəsinin 18 faizini təşkil edirdi.

İSNA agentliyinin bu gün yaydığı məlumata görə, parlamentdə keçən ilin ümumi büdcəsi araşdırılıb və 287,9 trilyon rial (23 milyard dollar) defisit aşkar olunub. 2012-ci ildə İranın neft gəlirləri sanksiyalar səbəbindən 50 faiz azalıb. OPEK-in illik məruzəsinə əsasən, 2011-ci il İranın neft və neft məhsullarının ixracatından əldə etdiyi gəlir 115 milyard dollar təşkil edib. Buna görə də bu il İranın dövlət büdcəsində daha böyük defisit gözlənir.

Bu halda hökumətin xərclərini yarım milyon işçi cəlb etməklə artırmağın hansı məntiqə əsaslandığı məlum deyil.

İran Prezidenti keçən il 2 milyon, bu il isə 2,5 milyon yeni iş yerinin yaradılacağı barədə söz vermişdi. Bəzi deputatların dediyinə görə, İranda keçən il cəmi 400 min yeni iş yeri yaradılıb.

İranda ildə bir milyon şəxs əmək fəaliyyəti yaşına çatır və bir milyon yeni iş yerinin yaradılması üçün 8 faiz iqtisadi inkişaf lazımdır. Ancaq Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İranın iqtisadi inkişafı 2012-ci ildə nəinki inkişaf edib, hətta mənfi 0,9 faizə düşüb.

Hazırda rəsmi statistikalara görə, İranda işsizlik 12,3 faiz təşkil edir. Qeyd edək ki, həftədə bir saat çalışanlar da işləyən şəxslər siyahısına daxil edilir.

Beləliklə, İran Prezidenti ya işsizliyin səviyyəsini kəskin azaltmaq, ya da 7 aydan sonra prezident seçkilərində səs qazanmaq üçün yarım milyon işsizi dövlət qulluqçusu etmək niyyətindədir.

2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkilərində Əhmədinejad iki dəfə prezident seçildiyi üçün özü namizəd ola bilməz, ancaq onu dəstəkləyən mühafizəkarlar yəqin ki, mühafizəkarlar koaliasiyasının digər qanadları ilə ciddi rəqabət aparmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti