...

Samir Şərifov: Azərbaycan 2015-ci ildə AİB-in Rəhbərlər Şurasının iclasını yüksək səviyyədə keçirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2013 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Mayın 2-5-də Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı illik toplantısı keçirilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "İnkişafa təkan verək" devizi altında keçirilən illik toplantının əsas mövzusu inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaqdır.

Mayın 4-də illik toplantının rəsmi açılış mərasimində Hindistanın Baş naziri Manmohan Sinqh və AİB-in yeni prezidenti Takehiko Nakao çıxış ediblər.

İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrə dəstək, gender bərabərliyi, regional inteqrasiya kimi mövzulara toxunan Nakao region ölkələrində hərtərəfli tərəqqi və artımın təmini üçün vacib olan özəl sektorun inkişafı, ekologiya, əməkdaşlıq və inteqrasiyanın AİB-in 2020-ci il strategiyasının əsas çağırışı olduğunu vurğulayıb.

AİB prezidenti kimi hədəflərini də açıqlayan Nakao bildirib ki fəaliyyəti boyunca xüsusilə qlobal iqtisadi məsələlərə diqqət artırılacaq və inkişaf yönümlü region ölkələrinin tərəqqisinə bankın verdiyi töhfələr davam etdiriləcək.

Bankın Rəhbərlər Şurası AİB-in 2012-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2013-ci il üçün büdcənin təsdiqi, Asiya və Sakit okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması və digər məsələlərə baxaraq müvafiq qərarlar qəbul edib.

Azərbaycanı toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İllik toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. AİB-in prezidenti Takehiko Nakao, bankın vitse-prezideni Siaoyu Jao, Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, mövcud kredit portfelinin qiymətləndirilməsi, ölkəmizin bank ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparıblar. Eyni zamanda, görüşdə AİB Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb. AİB rəsmiləri Bakı şəhərinin bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə ediblər.

Samir Şərifov Azərbaycan hökumətinin AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkili üçün müvafiq işlər gördüyünü diqqətə çatdırıb. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirən nazir deyib ki, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Bundan başqa, nazir Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran və Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə də işgüzar görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti