...

Azərbaycan fermerləri subsidiyaların verilməsi mexanizminin sadələşdirilməsini istəyirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 19:01 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşüb.
Azərbaycan fermerləri subsidiyaların verilməsi mexanizminin sadələşdirilməsini istəyirlər (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl nazir İsmət Abasov bir neçə fermer təsərrüfatına baş çəkib. İntensiv tipli qərb texnologiyası əsasında 260 hektarda salınmış alma bağına baxış keçirib.

Alim-fermer qarşılıqlı fikir mübadiləsi aparılıb. Nazir İsmət Abasov fermerin meyvələrin saxlanma kameraları ilə tanış olub və öz tövsiyələrini verib.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:

- güzəştli kreditlərin alına bilməməsi, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı;
- subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;
- süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
- arıçılığın, bağçılığın və tingçiliyin inkışaf etdirilməsi üçün güzəştli kreditlərin ayrılması;
- şoranlaşmış torpaqların və sel suları nəticəsində dağılmış suvarma arxlarının yenidən bərpası;
- meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması;
- soyuducu kameralar məhsulun saxlanılmasına, təchizatına və satışına kömək;
- taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə);
- kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;
- mal-qaranın otarılması üçün Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması;
- mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara "Aqrolizinq" ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi;
- bələdiyyələrdə azyararlı torpaqları öz vəsaitləri hesabına yaxşılaşdırıb əkən istehsalçılara əlavə subsidiyaların verilməsi;
- fiziki şəxslər üçün kənd təsərrüfatı texnikalarının ilkin ödəniş olmadan uzun müddətli lizinqə verilməsi.
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 60 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti