Azərbaycan, Bakı, 20 iyun /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Sabunçu, Binəqədi rayonlarında, Sumqayıt şəhərində, Göygöl, Kürdəmir, Tərtər rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 350 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.