...

Azərbaycanda kənd təsərrüfatı subsidiyaları qismində 73 milyon dollar ayrılması barədə qərar qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/

Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, İsmət Abasov qeyd edib ki, Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olub, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, əkin sahəsinin və istehsalın artmasına səbəb olub: "2007-ci ildən başlayan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi prosesi indi də davam etdirilir. Bu məqsədlə Nazirlər Kabinetinin 17 yanvar 2013-cü il tarixli sərəncamına əsasən, 2013-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardımın verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb".

Respublika Komissiyasına 60 rayon (şəhər) komissiyasından 1 iyun 2013-cü il tarixinə istehsalçıların siyahıları və onlara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar daxil olub.

Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 393 663 istehsalçıya 1,435 milyon ha əkin sahəsinə görə 57,4 milyon manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

4 satıcı təşkilat, o cümlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Mikro Az Feed" MMC, "İ.E.R. LTD" MMC və "Pərviz İKF" MMC üzrə 9862 nəfər istehsalçıya 54 234,78 hektara görə 50 faiz güzəştlə satılmış 10,4 milyon ton mineral gübrə üçün 2,619 milyon manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti