...

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda iribuynuzlu mal-qara arasında qeydə alınan yeni virus insana keçmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A. Axundov/

Azərbaycan Dövlət Baytarlıq Xidməti fermerləri narahat olmamağa və ölkənin bir sıra rayonlarında iribuynuzlu mal-qara arasında yayılan yeni virusla əlaqədar təşvişə düşməməyə çağırır.

Bunyavirus xəstəliyi üç virusun (Akabane, Şamonda və Aina) birləşməsidir. Xəstəlik-transmissivdir, yəni törədici mikroblar, həşəratlar və gənələr vasitəsilə ötürülür.
Baytarlıq xidmətinin rəisi Siyalə Rüstəmova bazar ertəsi mətbuat konfransında bildirib: "Xəstəlik insana və heyvandan heyvana keçmir. İnsanların yoluxması ilə bağlı heç bir təhlükə yoxdur. Bundan əlavə xəstə heyvanların məhsulları da təhlükəsizdir".

İdarə rəisinin sözlərinə görə, gənc olmasına baxmayaraq virus (2011-ci ildə meydana gəlib) Avropa və MDB ölkələrində yayıla bilib.

Rüstəmova bildirib: "Azərbaycanda ilk yoluxma halı 28 iyul 2013-cü ildə qeydə alınıb. Bu gün bu xəstəlikdən ölkənin 17 rayonunda iribuynuzlu mal-qaranın təxminən 20 faizi əziyyət çəkir: "Yeni virusun əsas simptomları mal-qaranın ümumi vəziyyətinin pisləşməsi, hərarətin yüksəlməsi və ölü bala doğmadır. Ümumilikdə bu məhsuldarlığın kəskin düşməsi ilə nəticələnir. Virusa yoluxan yeddi baş mal-qaranın ölüm faktı qeydə alınıb. Lakin xəstəlik özü bilavasitə ölümlə nəticələnmir. Bütün bu heyvanlar digər xəstəliklərdən də əziyyət çəkirdilər".

İdarə rəisinin sözlərinə görə, xəstəlik müalicəyə tabe olur, bunun üçün üç gün lazımdır. Lakin gücləndirilmiş iş rejiminə keçən və hətta özəl baytarlara da müraciət edən Dövlət Baytarlıq Xidmətinin yenə də vaxtında köməyin göstərilməsi üçün resursları çatmır: "Bunlardan əlavə virus yeni olduğundan və ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənən kəskin xəstəliklər siyahısına daxil edilmədiyindən dövlət büdcəsindən dərman vasitələrinin alınmasına vəsait ayrılmır və fermerlər şəxsi vəsaitlərini xərcləməli olurlar. Yeni virusun siyahıya daxil edilməsi üçün Epizootik Büronun rəyi lazım olduğundan, biz bu büroya müraciət etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti