Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
"Bank of Baku" bütün "Bolkart" sahiblərini kartın "MasterCard" loqolu növü ilə təmin etmək məqsədi ilə müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesinə start verib.
Bankdan Trend-ə verilən məlumata görə, beləliklə, artıq hər bir "Bolkart" sahibi kartdakı mövcud borcunu tam ödəmədən belə "Bolkart MasterCard" ala bilər. Kartın dəyişdirilməsi üçün yeganə şərt müştərinin mənfi kredit tarixçəsinə malik olmamasıdır. Müştəri əvəzlənmə üçün standart "Bolkart"ı "Bank of Baku"ya təhvil verməlidir.
"Bolkart MasterCard" ilə yalnız Azərbaycanda deyil, həmçinin "MasterCard" loqosu olan xarici ölkələrin istənilən ticarət mərkəzində və internetdə alış-veriş etmək olar.
Standart "Bolkart"ın "MasterCard Bolkart"la əvəzlənməsi zamanı müvafiq "Bolkart"ın hesab nömrəsi və borcu dəyişməz olaraq qalır, kartın müddəti kimi isə yeni "Bolkart"ın müddəti qəbul edilir.
"Bank of Baku" "Bolkart" müştərilərinin çoxsaylı arzularını nəzərə alaraq, əvəzlənmə zamanı kartın balansının dəyişdirilməsi (artırılması və ya azaldılması) xahişlərini də nəzərdən keçirəcək.
Xatırladaq ki, cari ilin iyun ayında "Bank of Baku" müştərilərə "MasterCard" loqolu "Bolkart"ın verilməsinə başlayıb
Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/Bolkart