...

Bakıda Xəzər İnşaat Həftəsi öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 12:48 (UTC +04:00)
On il ərzində Azərbaycanda tikinti işlərinin həcmi 14 dəfə artıb.
Bakıda Xəzər İnşaat Həftəsi öz işinə başlayıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A.Axundov/

On il ərzində Azərbaycanda tikinti işlərinin həcmi 14 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) direktoru Rüfət Məmmədov çərşənbə günü "BakuBuild 2013" 19-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə müəssisələrin sayı 1480-a, özəl sektorun payı isə 77 faizə çatıb: "Bu gün Azərbaycan şirkətləri yalnız respublikada deyil, həm də xaricdə həyata keçirilən böyük layihələrdə iştirak edirlər".

Məmmədovun sözlərinə görə, on il ərzində ölkədə tikinti məhsullarının istehsalı 2,5 dəfə, bu sahə ilə məşğul olan müəssisələrin sayı isə 11,7 faiz artıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xəttilə bu günə qədər tikinti məhsulları istehsalı sektorunda fəaliyyət göstərən 523 şirkətə 82,6 milyon manat həcmində kredit verilib.

Regionda gözlənilən və ən geniş tədbir sayılan Xəzər İnşaat Həftəsi 23-26 oktyabr tarixində keçiriləcək.

"Iteca Caspian" şirkətindən Trend-ə verilən məlumata görə, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən Xəzər İnşaat Həftəsi üç böyük sərgini - "BakuBuild", "Aqua-Therm Baku" və "CIPS Caspian" sərgilərini özündə ehtiva edir. Bu il "Xəzər İnşaat Həftəsi" dünyanın 29 ölkəsindən 450-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. Sərgiyə yaxşı hazırlaşmış iştirakçılar Bakıda öz sektorları üzrə ən son yenilikləri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti