Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/
2014-cü ilin dövlət büdcəsi tamamilə real göstəriciləri və vəzifələri əks etdirir və onun icrası ciddi çətinliklərlə müşayiət olunmayacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan haqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə gələn il dövlət büdcəsinin xərcləri və gəlirləri artacaq: "Büdcə gəlirlərinin ÜDM-yə nisbəti 31,4 faiz təşkil edəcək ki, bu da 2012-ci ilin göstəricilərindən bir qədər aşağıdır. Layihəyə əsasən, dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbəti praktiki olaraq eyni səviyyədə qalıb".
Ş.Hacıyev qeyd edib ki, diqqətəlayiq faktorlardan biri də odur ki, gəlirlər strukturunda neft və qeyri-neft sektorlarının nisbətində dəyişmə ikincinin xeyrinədir: "Şübhəsiz ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin həcmi də bundan xəbər verir. Transfertlərin həcmi cari illə müqayisədə təqribən 2 milyard manat azalacaq. Eyni zamanda, neft sektorundan daxilolmalar 12 milyard manatdan çox səviyyədə nəzərdə tutulur və bu məbləğin 1/3-dən çoxunu birbaşa vergilər üzrə daxilolmalar təşkil edir. Qeyri-neft sektorundan daxilolmalara gəlincə, gələn il həmin məbləğ 6 milyard manatı ötəcək. Halbuki 2013-cü ildə bu göstərici 5,1 milyard manat səviyyəsində müəyyənləşdirilib. Bütün bu nailiyyətlər yerli iqtisadiyyatın neft sektorundan asılılığının tədricən və uğurla azaldığından xəbər verir".