...

Tatarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2013 18:17 (UTC +04:00)
Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Tatarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti dekabrın 3-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Tatarıstan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad ediblər.

Həmin gün Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri R.Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Tatarıstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olub. Ş.Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Görüşdə nazir Azərbaycanın Rusiya, o cümlədən Tatarıstanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında əlaqələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla davam edir və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir:

"Ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, indiyədək 160-dan çox, o cümlədən iqtisadi sahədə 30-dan artıq sənəd imzalanıb. İndiyədək Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın indiyədək 13 iclası keçirilib. Rusiya Azərbaycanın qeyri-neft sektoru sahəsində başlıca ticarət tərəfdaşlarındandır. 2013-cü ilin on ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 22 faiz artıb".

Ş.Mustafayev bildirib ki, bu gün Azərbaycan Rusiyanın 83 federal subyektindən 72-si ilə, həmçinin Tatarıstanla uğurlu əməkdaşlıq edir. Son 3 ildə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında 13 biznes forum keçirilib. Bildirilib ki, Azərbaycan və Tatarıstan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan və Tatarıstan arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, parlamentlərarası əməkdaşlıq uğurla davam edir. Nazir Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət əlaqələrinin inkişafı, sənaye parkları sahəsində təcrübə mübadiləsi, biznes forum və sərgilərin təşkili sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri R.Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Tatarıstan iqtisadiyyatı barədə məlumat verən R.Zaripov hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməklə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib. O, dekabrın 4-də keçiriləcək Azərbaycan-Tatarıstan işgüzar görüşünün iş adamları arasında əlaqələrin qurulmasında və mövcud əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdə iştirak edən Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycandakı dinamik iqtisadi inkişafdan, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühitindən məmnunluqlarını bildiriblər.

Azərbaycana səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, Səngəçal Neft Terminalı və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti