Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Əliyev/
Azərbaycan və İraq ali təhsil diplomlarının tanınması sahəsində işi aktivləşdirmək niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.
C.Bayramov deyib ki, iraqlı tələbələr Azərbaycanda neft, energetika, humanitar, tibbi ixtisaslar üzrə təhsil almağa maraq göstərirlər. Eyni zamanda, onlar vətənə qayıdanda çətinliklərlə üzləşirlər.
Nazir müavininin sözlərinə görə, bu çətinliklər İraqda Azərbaycanın ali məktəblərinin diplomlarının tanınması problemi və qanunvericiliyin xüsusiyyətləri ilə bağlıdır: "Dünən bu məsələ ikitərəfli işçi qrupu səviyyəsində müzakirə edilib və biz bu sahədə İraqın profilli nazirlik və idarələri ilə daimi əlaqələrin qurulması barədə razılığa gəlmişik. Əminəm ki, bu iş öz bəhrəsini verir və bütün problemlər yaxın vaxtlarda aradan qaldırılacaq".
Öz növbəsində, İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak bu sahədə mövcud olan başqa xüsusiyyətləri qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycanda iraqlı tələbələrin üzləşdikləri problemlərdən biri onların aldıqları vizaların müddətinin qısa olması, mənzil tapmaqla bağlı problemlər, eləcə də onların ölkə ərazisində olmalarının qeydiyyatı məsələsidir. Əl-Barrak gələcəkdə bu məsələlərin həll olunacağına, eləcə də təhsil və elm sahəsində gələcəkdə iki ölkə arasında əməkdaşlığın inkişafına ümidini ifadə edib.