...

Dövlət Neft Fondu xaricdə kommersiya daşınmaz əmlakın alışı üzrə investisiya planını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2014 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya və Avstraliyada daşınmaz əmlakın əldə edilməsi üçün təqribən 1 milyard dollar xərcləyə bilər. Bunu çərşənbə axşamı Trend-ə ARDNF-dən deyiblər.

ARDNF-dən bildiriblər ki, Fondun daşınmaz əmlak ala biləcəyi potensial ölkələr qismində Sinqapur, Malayziya, Cənubi Koreya, Yaponiya, Çin və Avstraliya nəzərdən keçirilir: "Qeyd edilən ölkələrdə daşınmaz əmlakın alınması variantlarının axtarışı və nəzərdən keçirilməsi prosesinə baxılır və alışla bağlı dəqiq tarix barədə danışmaq hələ çətindir".

Fonddan qeyd ediblər ki, açıqlanan rəqəm təxminidir və bu investisiya planının cari ildə həyata keçirilməsi məcburi deyil: "Fondun qeyd edilən məbləğ civarında daşınmaz əmlak almaq üzrə planları var, lakin vəsaitin yerləşdirilməsi ilə bağlı tarix konkret müddət çərçivəsində müəyyənləşdirilməyib".

ARDNF-nin investisiya strategiyasına uyğun olaraq, 2012-ci ildən ilk dəfə olaraq Fondun investisiya portfelinin beş faizə qədəri səhmlərə, beş faizə qədəri daşınmaz əmlaka, beş faizə qədəri isə qızıla yatırıla bilər.

Qeyd edək ki, Moskvanın Puşkin meydanında ticarət-ofis mərkəzi "Qalereya Aktyor" ARDNF-nin sonuncu alqı-satqısı olub. Sazişin dəyəri 133 milyon dollar təşkil edib. Həmçinin, bundan əvvəl ARDNF Londonda (177,35 milyon funt sterlinq) və Parisdə (135 milyon avro) mülkün alındığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti