...

Azərbaycanda ödəniş kartlarının sayı 5,8 milyonu ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycanda ödəniş kartlarının sayı ilin əvvəlindən 2,4 faiz artaraq 2014-cü il fevral ayının yekunu üzrə 5808 min ədədə çatıb. 2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə kartların sayı 11,6 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Kartların ümumi sayından 4801 min ədəd sosial kartlara, 1417 min ədəd əməkhaqqı, 833 min ədəd isə digər kartlara aiddir. Kredit kartlarının miqdarı 1007 min ədəd təşkil edib.

AMB-nin hesabatına əsasən, yanvar-fevralda bankomatların və POS-terminalların köməyi ilə ödəniş kartları üzrə ümumi dövriyyə 941 milyon manat, əməliyyatların ümumi sayı isə 6206 milyon ədəd təşkil edib.

Debet kartlar üzrə əməliyyatların sayı 4974 min ədəd olmaqla 767 milyon manat təşkil edib.

Debet kartlar üzrə əməliyyatların ümumi miqdarından ölkə daxilində bankomatların köməyi ilə 698 milyon manat məbləğində 4064 min əməliyyat, POS-terminallar vasitəsilə isə 46 milyon manat dəyərində 243 min əməliyyat həyata keçirilib.

2014-cü ilin yanvar-fevral aylarında kredit kartları üzrə 174 milyon manat məbləğində 1232 min əməliyyat aparılıb.

Kredit kartları üzrə əməliyyatların ümumi sayından bankomatların köməyi ilə 84 milyon manat məbləğində 360 min əməliyyat, POS-terminallarla 37 milyon manatlıq 558 min əməliyyat aparılıb.

2014-cü il martın 1-nə ölkədə 2427 bankomat işləyib ki, onlardan 1363 bankomat Bakıda, 1064-ü isə ölkənin digər şəhər və rayonlarında yerləşib. İl ərzində (2013-cü il martın əvvəlinə olan göstərici ilə müqayisədə) onların ümumi sayı 148 ədəd və ya 6,5 faiz artıb.

2014-cü il martın 1-nə POS-terminalların sayı 34 141 ədəd təşkil edib ki, bunun 29 428 ədədi Bakıda, 4713 ədəd isə digər şəhər və rayonlarda yerləşib.

2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə POS-terminalların sayı 2793 ədəd və ya 7,56 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti