...

İran Xəzəryanı ölkələrlə ticarət mübadiləsini ildə 10 milyard dollara qədər artırmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend müxbir T.Cəfərov/

İranın Xəzəryanı ölkələrlə (Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) ticarət mübadiləsini ildə 10 milyard dollara qədər artırmaq üçün proqram hazırlanıb və bu məsələ gündəlikdədir. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Ramsər şəhərində jurnalistlərə deyib.

Qeyd edək ki, iyunun 11-12-də İranın Ramsər şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti - 37-ci iclası keçirilir.

İ.Rəhimpur bildirib ki, hazırda İranın Türkmənistanla ticarət münasibətləri yaxşı səviyyədədir və iki ölkə arasında ildə 2 milyard dollar həcmində mal mübadilə olunur: "İran və Azərbaycan arasında ticarət dövriyyəsi qənaətbəxş deyil və bu ölkə ilə iqtisadi əlaqələrimizin inkişaf etdirilməsinə ehtiyac var".

Onun sözlərinə görə, hazırda İran və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardır: "Həmçinin İran və Rusiya arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac var".

Xatırladaq ki, ötən il İran və Rusiya arasında ticarət dövriyyəsi bir milyard beş yüz milyon dollar həcmində olub, Azərbaycanla isə bu göstərici təqribən 500 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti